Azərbaycanın qeyrət qalası – Sədərək rayonundan reportaj
Naxçıvan, 5 mart, AZƏRTAC
Əvvəlcə yol təəssüratları...
Yolumuz Azərbaycanın qeyrət qalası adlandırılan, düşmənlə sərhəddə boy göstərən Sədərəyədir. Səhər saatlarından Naxçıvan şəhərindən yola çıxırıq. Maşın Naxçıvan-Şərur-Sədərək avtomobil yolu ilə bu gözəl yurd yerinə doğru yol alır. Vaxtilə bu yollar bərbad idi. Hər tərəf çala-çuxur olduğuna görə getdiyin yerə çatanadək hər kəs çox yorulur, bir az xəstə olan isə daha da ağırlaşırdı. Bu gün isə heç bir yorğunluq hiss etmirsən. Əksinə, yol boyu diqqəti cəlb edən təmizlik, abadlıq və çox sayda ağac hər kəsə xoş gəlir.
Yeri gəlmişkən, kəskin kontinental iqlimə malik olan Naxçıvanda bir ağacı böyütmək bir uşağı boya-başa çatdırmaq qədər çətindir. Lakin burada şənbə günü keçirilən iməciliklərdə tinglərin əkilməsi, onlara lazımi aqrotexniki qulluğun göstərilməsi bu yurd yerimizi yaşıllıqlar diyarına çevirib. Təsadüfi deyil ki, vaxtilə muxtar respublikanın cəmi 0,6 faizi yaşıllıq idi, bu gün isə həmin rəqəm 20 faizi ötüb. Bu da Naxçıvanın gözəlliyinə gözəllik qatıb. Sanki iqlim də əvvəlki kimi sərt deyil. Mənə elə gəlir ki, yaz və yay aylarında yağan yağışların miqdarı da artıb. Yaşlı insanlar deyirlər ki, bu yağışlar yaşıllıqların ruzisidir, çünki çalışana, iş görənə Allah da kömək olur...
Kəngərli rayonun ərazisindən keçirik. Burada Böyükdüz kəndi ilə eyni adı daşıyan düzənliyə baxanda göz işlədikcə arpa və buğda əkilən sahələri görürsən. Vaxtilə susuzluqdan ilan mələyən bu çöllərdə bu gün əkin sahələrinin sayı-hesabı yoxdur. Səbəb isə həmin sahələrin su ilə təmin edilməsi, burada qapalı suvarma şəbəkəsinin qurulmasıdır. Ümumiyyətlə, ötən illər ərzində Kəngərli rayonunda yaşıllıq və əkin sahələrində nəzərəçarpacaq həcmdə artım müşahidə olunur. “Burada nəinki ağac, heç ot da bitməz”, - dediyimiz yerlərdə bu gün elə gözəl bağlar salınıb ki, bunları görəndə zəhmətsevər insanların nəyə qadir olduğunu bir daha anlayırsan.
Azərbaycanın qərbdəki sonuncu rayonu və ya iki ölkə ilə sərhəddə gözəlliyi ilə boy göstərən yurd yeri
Barlı-bərəkətli Şərur torpağını keçəndən sonra nəhayət, igidlər yurdu Sədərək rayonuna çatırıq. Bu gözəl yurd yerinə baxdıqca ulu öndərimiz Heydər Əliyevin Naxçıvana səfəri zamanı 2002-ci il avqust ayının 14-də Sədərək rayonunun sakinləri ilə görüşündə dediyi sözləri xatırlayıram. Görkəmli dövlət xadimi Sədərək rayonun strateji əhəmiyyətini vurğulayaraq deyib: “Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə bizim, Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir. Mən indi qəsəbəni bu cür görəndə həddindən artıq sevinirəm. Çünki sizin yəqin ki, xatirinizdədir, vaxtilə, 1977-1978-ci illərdə mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bu qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, bu bizim, o bizimdir deyirdilər”.
Bəli, ermənilər tarix boyu bu ərazilərə iddialı olublar. Amma həmişə arzuları ürəklərində qalıb. Onu da xatırladım ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bura gəlməyə hər kəs ürək etmirdi. İndi isə düşmən üzərində əzici üstünlüyə malik olan qüdrətli Əlahiddə Ümumqoşun Ordunun qurduğu möhtəşəm müdafiə sistemi sakinlərin təhlükəsizliyini tam təmin edib. İnsanlar Azərbaycan əsgərinə arxalanaraq, hər gün öz gündəlik işləri ilə məşğuldurlar.
Sədərək rayonu ölkəmizdə yeganə yurd yeridir ki, həm dost və qardaş ölkə Türkiyə ilə, həm də düşmən Ermənistan ilə sərhədi var. Sədərək Azərbaycanın qərb istiqamətində ən sonuncu rayonu olmaqla yanaşı, qardaş ölkədən “Ümid körpüsü” vasitəsilə bura gələnlərin ilkin təəssüratlarının yaranmasına yol açan yurd yeridir.
Sədərək inkişaf və tərəqqi yolunda
Ötən illər ərzində Naxçıvan Muxtar Respublikasında aparılan kompleks quruculuq, abadlıq işlərini Sədərəyin timsalında daha aydın görmək olar. Bu işlərin nəticəsidir ki, hara baxsan, rahat, geniş yollar, gözəl təbiət mənzərələri, bağ-bağatlar, bir-birindən yaraşıqlı binalar, park və xiyabanlar, milli memarlıq üslubunda ucaldılmış tikililəri görmək mümkündür.
Onu da qeyd edim ki, Prezident İlham Əliyev 2010-cu ilin oktyabr ayında muxtar respublikaya səfəri zamanı Sədərək rayonunda da olub. Bir neçə obyektin, o cümlədən yenidən qurulmuş Heydərabad qəsəbəsinin açılışında iştirak edib, ikimərtəbəli 16 fərdi yaşayış binası həmin gün istifadəyə verilib. Dövlət başçısı qəsəbə sakinlərini təbrik edərək deyib: “... Gözəl evlər, binalar tikilib. Qəsəbə yeni dövrə qədəm qoyur. Bütün işlər ən müasir səviyyədə görülübdür. Çox şadam ki, respublika rəhbərliyi bütün bu işləri qısa müddət ərzində çox böyük keyfiyyətlə gördü. Bu, doğrudan da, böyük hadisədir. Heydərabad qəsəbəsinin Azərbaycan tarixində çox mühüm yeri vardır”.
Dövlət başçısının dediyi kimi, Sədərəkdə qısa zamanda çox böyük işlər görülüb. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1990-cı il avqust ayının 28-də Sədərək kəndinin bazasında yaradılan eyniadlı rayonun inkişafı, infrastrukturunun gücləndirilməsi məqsədilə ötən illər ərzində mühüm tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart tarixli Sərəncamına əsasən bu istiqamətdə irihəcmli layihələr reallaşdırılıb, rayon özünün inkişaf və tərəqqi yoluna qədəm qoyub.
Ötən ilin quruculuq ərməğanlarından Sədərəyə də pay düşüb
Bu gün rayon mərkəzi Heydərabad qəsəbəsində, Sədərək və Qaraağac kəndlərində bu inkişafı əks etdirən gözəl binalar ucalır. Rayonun bütün idarə, müəssisə və təşkilatları müasir arxitektura üslubunda tikilmiş və hərtərəfli şəraitlə təmin olunmuş yeni binalarda fəaliyyət göstərirlər. Ötən əsrin 90-cı illərində işğalçı ölkənin Sədərəyə hücumu zamanı dağılan evlər yenidən qurulub, gözəl binalar tikilib. 2019-cu ildə rayonda olan Mərkəzi stadion əsaslı təmir edilərək gənclərin istifadəsinə verilib. Sədərək kəndində mərasim evi tikilib.
Bundan başqa, muxtar respublikada əhalinin rahat yaşayışı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan kompleks işlərin tərkib hissəsi olaraq Heydərabad qəsəbəsində 7 mərtəbədən ibarət 48 mənzilli yeni yaşayış binası inşa edilib. Ötən il iyulun 2-də - ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyi ərəfəsində yeni yaşayış binası istifadəyə verilib.
Açılış tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxışında dövlətimiz və cəmiyyətimiz üçün əhəmiyyətli bir məsələyə toxunaraq qeyd edib ki, yeni yaşayış binasının ilk sakinləri dövlət qarşısında xidməti borclarını layiqincə yerinə yetirmiş vətəndaşlardır. Həmin şəxslərin mənzillərlə təmin olunması həm də dövlətin bu kateqoriyadan olan insanlara qayğısının təzahürü, eyni zamanda, digər vətəndaşlar üçün də nümunədir.
Həmin gün Sədərək rayonunda 1 şəhid ailəsinə, sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillərin təqdim olunması göstərilən dövlət qayğısının daha bir ifadəsidir.
Sədərəkdə fəaliyyət göstərən ölkə əhəmiyyətli sahə - Su Monitorinq Laboratoriyası
Ötən il iyulun 2-də daha bir önəmli hadisə ilə yadda qalıb. Həmin gün ölkə əhəmiyyətli sahə - Su Monitorinq Laboratoriyası istifadəyə verilib.
Laboratoriyanın fəaliyyətə başlaması, həqiqətən də, ölkəmiz və diyarımız üçün mühüm bir hadisədir. Açılış tədbirində çıxış edən Ali Məclis Sədrinin də qeyd etdiyi kimi, qanunların işləmədiyi işğalçı ölkədə istismar müddəti başa çatmış Atom Elektrik Stansiyasının fəaliyyət göstərməsi bölgə üçün risk yaradır. Çünki muxtar respublika işğalçı ölkə ilə sərhəddə yerləşir. Müasir laboratoriyanın fəaliyyəti sərhədlərimiz daxilində tədbirləri vaxtında görməyə və qərar qəbul etməyə imkan verir. Su monitorinqləri zamanı işğalçı ölkədən keçməklə muxtar respublika ərazisində axan çaylarda çirklənmə qeydə alındıqda beynəlxalq təşkilatlar dərhal məlumatlandırılacaq. Yəni, laboratoriyanın Ermənistanla sərhəd yaşayış məntəqəsində yerləşməsi ortaya çıxacaq problemlərə vaxtında müdaxilə etməyə imkan verir. Bura həm də dünyada yerləşən su monitorinqi laboratoriyalarının xəritəsinə daxil edilib. Bu isə düşmən tərəfdən hər hansı ekoloji çirklənmə zamanı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında böyük əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən, rayonda 6 nasos stansiyası və 135 subartezian quyusu var. Əhalinin içməli suya olan tələbatını ödəmək, həyətyanı əkin sahələrini suvarmaq məqsədilə ötən il 13 yeni subartezian quyusu qazılıb, 2 quyu bərpa edilib, ümumilikdə, 15 subartezian quyusu rayon əhalisinin istifadəsinə verilib.
Su itkisinin qarşısını almaq üçün rayon Suvarma Sistemləri İdarəsi tərəfindən ana arx və beton kanallarda, ümumilikdə, 8,4 kilometr məsafədə lildən təmizləmə işləri görülüb. 131 subartezian quyusu təmir olunub, 13 quyuya isə yeni nasos salınıb.
Kənd təsərrüfatı inkişaf edib
Müşahidələrimizə əsasən deyə bilərik ki, Sədərəkdə kənd təsərrüfatı sektoru kifayət qədər inkişaf edib. Bunu statistik rəqəmlər də təsdiq edir. Belə ki, təkcə ötən il 2472 hektar əkin aparılıb. Bu əkinin 1718 hektarını buğda, 754 hektarını isə arpa təşkil edib. 2019-cu ildə yaradılan bu şəraitdən istifadə edən təsərrüfatçılar yüksək məhsuldarlığa nail olublar. Onlardan Fuad Qədimov 50 hektar sahədən 54 sentner, Qafar Zeynalov 52 hektardan 51 sentner, Nurəddin Əliyev 16 hektardan 45 sentner, Elsevər Qazıyev 20 hektardan 48 sentner taxıl əldə ediblər. Arif Məmmədov isə 6 hektar sahədə bostan-tərəvəz bitkiləri əkib və 590 sentner məhsul götürüb.
Onlarla həmsöhbət oluruq. Dövlətimizin təsərrüfatçılara göstərdiyi diqqət və qayğıdan ürəkdolusu danışırlar. Deyirlər ki, Sədərəkdə əkinçiliklə məşğul olmaq, ailə təsərrüfatının fəaliyyətini genişləndirmək üçün hər cür şərait yaradılıb. Bu məsələdə hər kəsə lazımi dəstək verilir. Yanacağın, motor yağının, gübrənin alınmasına çəkilən xərclərin 50 faizi dövlət tərəfindən ödənilir. Taxıl əkinlərinə görə subsidiyalar verilir. Bu da əkinçiliyin inkişafına yol açır, əkin sahələri və məhsuldarlıq ilbəil artır.
Təsərrüfatçılar vurğulayırlar ki, bu gün zəhmət çəkən, iş görən üçün həm dolanışıq var, həm də yaxşı şərait. Daha əvvəlki kimi, məhsul əldə qalıb zay olmur. Çünki keçirilən kənd təsərrüfatı yarmarkalarına, festivallara çıxarılan heç bir məhsul geri qayıtmır, hamısı satılır. Qalanını isə soyuducu anbarlarda saxlamaq mümkündür. Vaxtı çatanda onu da satıb yaxşı gəlir əldə etmək olar.
Onu da öyrənirik ki, 2019-cu ildə “Naxçıvan Aqrolizinq” ASC tərəfindən Sədərək rayon bazasına 1 “New Holland” markalı kombayn, 1 traktor, 2 kotan, 1 toxumsəpən, 2 kanalaçan və 1 yemqıran aqreqat verilib, sahibkarlardan 2 nəfərə isə lizinq yolu ilə kipvuran satılıb. 2019-cu ilin yaz-payız əkinlərinə görə 580 nəfər torpaq mülkiyyətçisinə 505 min 180 ton güzəştli şərtlərlə gübrə paylanılıb.
Bütün bunlar heyvandarlığın inkişafı üçün də münbit zəmin yaradıb. Bunun nəticəsində təkcə 2019-cu ildə Sədərək rayonunda diri çəkidə 458 ton ət, 1850 ton süd, 1 milyon 428 min ədəd yumurta, 22,3 ton yun istehsal edilib. 2018-ci illə müqayisədə ət istehsalı 2,9 faiz, süd istehsalı 2,2 faiz, yumurta istehsalı 1,1 faiz, yun istehsalı 1,4 faiz artıb.
Ötən il Sədərək rayonunda, ümumilikdə, 19 milyon 84 min 400 manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2018-ci il ilə müqayisədə 4,7 faiz çoxdur.
Hazırda rayonda 2987 baş iribuynuzlu mal-qara, 16 min 987 baş xırdabuynuzlu heyvan, 18 min 356 baş quş və 896 arı ailəsi var. Rayon sakinlərinin təsərrüfatında olan 411 baş iribuynuzlu mal-qarada süni mayalanma işləri aparılıb, bunlardan 355 baş buzov əldə olunub. Hər baş buzova görə 100 manat subsidiya verilib.
Bölgədə arıçılıq təsərrüfatları da inkişaf etdirilir. Ötən il Naxçıvan şəhərində keçirilən “Arıçılıq məhsulları - bal” festivalında Sədərək rayonundan olan arıçılar da iştirak edib, bir arıçı keyfiyyətli bal istehsal etdiyinə görə 3-cü yerə layiq görülüb və diplomla təltif olunub. “Ailə təsərrüfatı məhsulları” festivalında isə Sədərək rayonundan, ümumilikdə, 108 növdə 5014 qablaşdırılmış məhsul çıxarılıb. Məhsulların növünün çoxluğu iştirakçıların da diqqətini cəlb edib. İstehsal etdiyi məhsulun sayına və keyfiyyətinə görə rayonun bir ailə təsərrüfatçısı 1-ci yerə layiq görülüb.
Sədərəkdə olanda bir daha əmin oldum ki, burada sakinlərin gün-güzəranlarının davamlı yaxşılaşmasında aqrar sahənin inkişafı, yeni istehsal sahələrinin yaradılmasına xidmət edən tədbirlərin görülməsi artıq öz müsbət nəticələrini verib, insanların məşğulluğu təmin olunub, bu istiqamətlərdə böyük nailiyyətlər əldə edilib.
Düşmənə göz dağı, dosta sevinc
Sədərəyin gəzməli-görməli yerlərini xeyli gəzdim. Gəzdikcə qələmə almağa yeni bir mövzu tapdım. Xatırlayıram ki, vaxtilə Sədərəyə yolumuz düşəndə buradan yazmağa heç nə tapa bilmirdik. Bu gün isə çiçəklənən bu diyarın hər daşı bir mövzu, abadlaşan hər yaşayış məntəqəsi ilham mənbəyimizdir.
Geriyə, Naxçıvan şəhərinə qayıdarkən yolda düşünürəm ki, yurdsevər sakinlərin zəhmətsevərliyi, qurucu rəhbərin böyük diqqəti və qayğısı nəticəsində, necə deyərlər, yandırılmış, yox edilmiş, külə çevrilmiş bir məkanda Sədərək adlı möhtəşəm bir abidə ucaldılıb. Elə bir abidə ki, düşmənə göz dağıdır, dosta sevinc. Bu yurda ulu öndər Heydər Əliyev ideyaları işıq saçır. Bu yurdun tərəqqisi, yüksəlişi dövlət-xalq birliyinin ən gözəl nümunəsidir. Buna görə də əminliklə demək olar ki, bu il də Sədərək rayonunun sosial-iqtisadi inkişafı üçün imkanlardan maksimum istifadə olunmaqla daha yüksək nailiyyətlər qazanılacaq.
Rauf Kəngərli
AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri