Azərbaycanın qeyri-neft sektoruna Türkiyədən birbaşa investisiya 3,5 milyard dollardır
Bakı, 9 dekabr, AZƏRTAC
Türkiyədən Azərbaycana birbaşa investisiyanın həcmi 15,2 milyard dollar təşkil edir. Bunun 11,7 milyard dolları neft-qaz sektorunun, 3,5 milyard dolları isə qeyri-neft sektorunun payına düşür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bu gün Bakıda "Heydər Əliyev 100 - Bir millət, iki dövlətin iş dünyası" mövzusundakı keçirilən konfransda deyib.
O qeyd edib ki, bu il dekabrın 1-nə olan məlumata görə, Azərbaycanda 5678 Türkiyə investisiyalı kommersiya qurumu qeydiyyatdadır. Onlardan 4019-u aktiv fəaliyyət göstərir. Şirkətlər əsasən sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət sektorlarında çalışırlar.
“Bu gün işğaldan azad olunan Qarabağda apardığımız quruculuq və bərpa işlərində ən böyük iştirakçılar da məhz türk şirkətləridir. Azərbaycan Sahibkarlar Konfederasiyası Türkiyədə fəaliyyət göstərən palataların, iş adamları dərnəklərinin Azərbaycana səfəri, onların burada əməkdaşlıq qurmaları və birgə üçüncü ölkələrə çıxmaq imkanları ilə bağlı yaxından kömək göstərir. Əmin olun ki, bu fəaliyyətləri göstərmək bizim üçün şərəf və qürurvericidir. Konfederasiya olaraq Türkiyə “Odalar və Borsalar Birliyi” başda olmaqla, bir çox “Ticarət odası” ilə birbaşa və dolayısıyla uğurlu əməkdaşlıq edirik.
Hesab edirik ki, güclü olan mənəvi bağlarımız iqtisadi cəhətdən nə qədər möhkəmlənərsə, dövlətlərimiz daha güclü və qüdrətli olar”,- deyə Məmməd Musayev bildirib.