AZƏRBAYCANIN RUSİYADAKI SƏFİRLİYİ HEYDƏR ƏLİYEVİN TUNC ABİDƏSİNİ MOSKVAYA HƏDİYYƏ EDƏCƏKDİR
Sərəncamda deyilir ki, “Azərbaycanın görkəmli dövlət və siyasi xadimi Heydər Əliyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin Moskva Şəhər Mədəniyyət Komitəsi və Moskva Memarlıq və Şəhərsalma Komitəsi tərəfindən dəstəklənmiş vəsatəti ilə əlaqədar olaraq, 2005-ci ildə H.Əliyevə “Bakı” kinokonsert kompleksinin ətrafındakı bağda abidə qoyulacaqdır. Abidəni heykəltəraşlar N.Əliyev və S.Şerbakovdan, memarlar İ.Voskresenski və F.Hacıyevdən ibarət müəllif kollektivi yaradacaqdır”.
Xatırladaq ki, abidənin ucaldılması layihəsinin sərmayəçi-sifarişçisi Azərbaycanın Rusiyadakı səfirliyidir. Diplomatik nümayəndəliyimiz Heydər Əliyevin tuncdan hazırlanacaq abidəsini Moskvaya hədiyyə edəcəkdir. Səfirlik arxitektura-bədii və əməli layihələşdirməni, abidənin qoyulması və ərazinin abadlaşdırılması işlərini tam həcmdə maliyyələşdirir.
Sərəncamda bildirilir ki, onun yerinə yetirilməsinə nəzarət Moskva merinin birinci müavini Lyudmila Şvetsovaya və abidənin ucaldılacağı Şimal İnzibati Dairəsinin prefektinə həvalə olunur.