Azərbaycanın Tacikistandakı səfirliyində Azərbaycanlıların Soyqırımı Günü münasibətilə mərasim keçirilmişdir
Düşənbə, 29 mart (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfirliyində 31 mart- Azərbaycanlıların soyqırımı günü münasibətilə mərasim keçirilmişdir.
Mərasimdə Tacikistanın dövlət və hökumət strukturlarının nümayəndələri, ölkə parlamentinin deputatları, elm, mədəniyyət və incəsənət xadimləri, diplomatik korpusun təmsilçiləri, jurnalistlər iştirak etmişlər.
Tədbirin əvvəlində Azərbaycanın dövlət himni səslənmiş, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov soyqırımı ilə bağlı danışaraq demişdir ki, 1918-ci ilin mart-aprel aylarında erməni silahlı birləşmələri Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər məhv edilmişdir. Quba bölgəsində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd və yaşayış məskəni yerlə-yeksan edilmiş, əhali amansızlıqla qətlə yetirilmişdir. 1918-ci il martın 30-dan və aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Stepan Şaumyanın başçılıq etdiyi daşnak erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri milli soyqırımı nəticəsində 12 minə yaxın soydaşımız qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüş, yüz minlərlə insan öz dədə-baba torpaqlarından qovulmuşdur.
Səfir bildirmişdir ki, ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart-Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.
Tədbirdə çıxış edənlər demişlər ki, erməni silahlı qüvvələri və xüsusən də Anastas Mikoyanın başçılıq etdiyi “Qızıl Qvardiya” silahlı dəstələri mart hadisələrində xüsusilə azğınlıq etmiş, müsəlmanların evlərinə basqın edərək onları vəhşicəsinə qətlə yetirmiş, körpələrə və qocalara aman verməmişlər. Qeyd edilmişdir ki, mart soyqırımı Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmışdır.
Tədbirdə erməni təcavüzünü və vəhşiliklərini əks etdirən sənədli film nümayiş etdirilmiş, mərasim iştirakçıları səfirliyin foyesində soyqırımını əks etdirən fotoşəkillərə baxmış, onlara məlumatlar toplusu paylanılmışdır.
31 mart-Azərbaycanlıların soyqırımı günü haqqında məlumatlar toplusu Tacikistanın Xarici İşlər Nazirliyi və digər dövlət və hökumət qurumları, Düşənbədəki diplomatik nümayəndəliklərə, həmçinin KİV-lərə göndərilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə