Azərbaycanın təhsil işçiləri Astanada səfərdədirlər
Bakı, 22 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyi ilə Qazaxıstanın “Nazarbayev İntellekt Məktəbləri” ASC-nin Pedaqoji Ustalıq Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən, 30 nəfər təhsil işçisi Astana şəhərində səfərdədir.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, əsasən ibtidai sinif müəllimlərindən ibarət heyət ixtisasartırma təlimlərinə cəlb olunub. Təlimlər ibtidai sinif müəllimlərinin peşə bacarıqlarının artırılması, həmçinin əldə edilmiş təcrübənin həmkarları ilə bölüşülməsi məqsədilə təşkil olunub.
Nəzəri və praktik hissələrdən ibarət olan təlimlərə 4 modul daxildir. Bu modullardan ikisi Astanada, növbəti iki modul isə avqustun 29-da və sentyabrın 8-də Bakıda keçiriləcək.
Səfər zamanı müəllimlər təlimlərlə yanaşı, müxtəlif mədəni tədbirlərdə iştirak edir və məktəblərə baş çəkirlər.