Azərbaycanın turizm potensialı xarici KİV-lərdə geniş şəkildə nümayiş etdirilmişdir
Bakı, 29 sentyabr (AZƏRTAC). Cari ilin son 9 ayı ərzində Azərbaycanın turizm potensialı xarici KİV-lərdə geniş şəkildə təbliğ olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, bu proqramların hazırlanması məqsədi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “MTV” televiziyasının, Türkiyənin “Beyaz TV” və “World Travel Channel” televiziyalarının, Yaponiyada fəaliyyət göstərən “İSHİİ qardaşları” şirkətinin, Belçikanın “Glocal Communications SPRL” şirkətinin nümayəndələri üçün ölkəmizə pressturlar təşkil edilmişdir.
Həmçinin “Şahdağ” Qış-Yay Turizm Kompleksi barədə filmin hazırlanması üçün nazirliyin dəvəti ilə ABŞ-ın “Orion Strategies” şirkəti tərəfindən ölkəmizdə çəkilişlər aparılmışdır.
Bu dövrdə Almaniyanın, Avstriyanın, Küveytin, İtaliyanın, Rusiyanın və Ukraynanın aparıcı turizm şirkətlərinin nümayəndələri üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizə infoturlar təşkil olunmuşdur. Ümumilikdə, ötən doqquz ayda ölkəmizə 12 infotur və presstur təşkil edilmişdir.
Cari ildə Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxları “CNN”, “Euronews”, “TV5 Monde”, “France 24”, “TV Berlin” kimi nüfuzlu kanallarla yanaşı, Rusiya telekanallarında da nümayiş olunmuşdur.