AZƏRBAYCANIN VƏ İRANIN YOL EKSPERTLƏRİ ÖLKƏLƏRİMİZİ BİRLƏŞDİRƏN MAGİSTRALLARIN YENİDƏN QURULMASI LAYİHƏSİNİ MÜZAKİRƏ EDİRLƏR
“Azəravtoyol” Dövlət Şirkətinin mütəxəssisləri avqustun 7-də Biləsuvarda olmuş və burada rayon mərkəzindən Azərbaycan-İran sərhədinədək 19,5 kilometrlik avtomobil yolunun təmiri və yenidən qurulmasının texniki sənədlərini hazırlamaq, bu işlərin həcmini və dəyərini müəyyənləşdirmək məsələlərini İranın yol ekspertləri ilə müzakirə etmişlər.
Bundan əvvəl Azərbaycanın yol ekspertləri Ələt-Astara avtomobil magistralının yenidən qurulması və qismən tikintisi, İran Astarasını Azərbaycan Astarası ilə birləşdirən sərhəd avtomobil postunun qoyulacağı yerin müəyyənləşdirilməsi, habelə mövcud magistralı qısaltmaq və yaxşılaşdırmaq üçün həmin layihə çərçivəsində çəkiləcək avtomobil yollarının bəzi hissələrinin tikintisi məsələləri barədə iranlı həmkarları ilə görüşlər keçirmişdilər. Layihənin ümumi dəyəri təxminən 200-210 milyon dollardır.
Dünya Bankı “Azəravtoyol” Dövlət Şirkətinə texniki yardım göstərilməsinə dair başqa bir layihə haqqında qərar qəbul etmişdir. Layihənin həyata keçirilməsi üzrə tenderdə Dünya Bankının artıq təsdiqlədiyi 5 şirkət iştirak edəcəkdir.
“Azəravtoyol” Dövlət Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Dünya Bankının təqdim etdiyi 11 bənddən ibarət tövsiyələr planında tenderin qalibi olacaq şirkət DŞ ilə birlikdə bu şirkətin “Azəravtoyol”un yeni strukturunu hazırlayacaq, yolların funksional mənsubiyyətini, maliyyə təminatını, yol tikintisi bazasının inkişafında yardımın təşkilini müəyyənləşdirəcəkdir.
Dünya Bankı “Azəravtoyol”a hər il təzələnmək şərtilə uzunmüddətli yol proqramı, habelə avtomobil yollarında təhlükəsizliyin təmin olunması işlərinə dair proqram hazırlamağı da tövsiyə etmişdir.
Bu layihənin işlənib hazırlanması xərcləri təqribən bir milyon dollar olacaqdır.