AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİNİN SƏUDİYYƏ ƏRƏBİSTANINA SƏFƏRİ DAVAM EDİR
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Səudiyyə Ərəbistanı Krallığına səfəri davam edir.
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 5-də xarici siyasat idarəsinin başçısı Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Kralının Vəliəhdi, Baş nazirin müavini, Milli Qvardiyanın rəisi Əmir Abdulla bin Əbdüləziz Al Səud, Ər-Riyad bölgəsinin qubernatoru Əmir Salman bin Əbdüləziz Al Səud, Krallığın ticarət və sənaye naziri, Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığı müştərək komissiyasının sədri Haşim Yaşani, Səudiyyə Ərəbistanı Şurasının məclis sədri Saleh bin Abdulla bin Umeyd İlə görüşmüşdür.
Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırmış və ölkəmizin başçısının yaxın zamanlarda Səudiyyə Ərəbistanı Krallığına səfər edəcəyini bildirmişdir. İkitərəfli münasibətlərə toxunan Elmar Məmmədyarov iqtisadi, ticarət, turizm və səhiyyə sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini bildirmiş, ölkələrimiz arasında dini, mədəni və tarixi bağlılıqların olduğunu diqqətə çatdırmışdır.
Regionda sülhün və əmin-amanlığın vacibliyini qeyd edən nazir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir. Ermənistanın Azərbaycana təcavüzündən danışan nazir, təcavüzün beynəlxalq təşkilatlar çərçivəsində pislənilməsini, işğal olunmuş ərazilərin boşaldılmasını tələb edən qətnamələrin qəbul edilməsində göstərdikləri köməyə görə Səudiyyə tərəfinə təşəkkürünü bildirmişdir.
Görüşdə, həmçinin ölkəmizdə aparılan islahatlar, Azərbaycanın Avratlantika strukturlarına inteqrasiyası, Yaxın Şərqdə sülh prosesi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Səudiyyə Ərəbistanı Kralının Vəliəhdi Abdulla bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına qarşıdakı səfəri məmnunluqla gözlədiklərini qeyd edərək, səfərin ikitərəfli münasibətlərin daha da yüksək səviyyədə inkişafına təkan verəcəyini bildirmişdir.