AZƏRBAYCANLA ÇİN ARASINDA ƏMTƏƏ DÖVRİYYƏSİ 100 MİLYON DOLLARA ÇATACAQ
Çinin Bakıdakı səfiri Çjan Siyun jurnalistlərə bildirmişdir ki, bu il onun ölkəsi ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 100 milyon dollara çatacaqdır. Onun sözlərinə görə, iki ölkə arasında əmtəə dövriyyəsi 2001-ci illə müqayisədə ötən il 5 dəfə artaraq, 95 milyon dollar olmuşdur. Səfir vurğulamışdır ki, əməkdaşlığın 11 ili ərzində Çin şirkətləri Azərbaycan iqtisadiyyatına 100 milyon dollar vəsait qoymuşlar, özü də bunun 98 milyonu yalnız keçən il, qurudakı neft yataqlarının (Cənub-qərbi Qobustan və Kürsəngi-Qarabağlı) işlənilməsinə dair iki müqavilə imzalandıqdan sonra qoyulmuşdur. O demişdir ki, Çinin neft şirkətləri Azərbaycanla neft və qaz sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar. Onlar yeni böyük layihələrdə iştirak etmək istəyirlər və bununla əlaqədar hazırda səfirliyimiz Azərbaycanın potensialını nəzərə almaqla, əməkdaşlığın miqyasının müəyyənləşdirilməsi üzərində işləyir. Çjan Siyun bildirmişdir ki, Çin şirkətləri Azərbaycanla energetika və kənd təsərrüfatı sahəsində də əməkdaşlıq etmək niyyətindədirlər. Hazırda Çinin bir sıra biznesmenləri azərbaycanlı tərəfdaşları ilə bu məsələyə dair danışıqlar aparırlar. Səfir əməkdaşlığın daha bir perspektivli sahəsindən – turizmdən də söz açmışdır. O demişdir: “İqlim şəraiti və dəniz turizmdən yaxşı mənfəət götürməyə və ölkənizə Çindən çoxlu turist cəlb etməyə imkan verir”.