İQTİSADİYYAT
Azərbaycanla Efiopiya arasında ticarət, investisiya, yaşıl enerji sahələrində tərəfdaşlıq nəzərdən keçirilib
Bakı, 28 noyabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Efiopiyanın Baş nazirinin ofisində dövlət naziri Aklilu Tadessenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq potensialının reallaşdırılmasının əhəmiyyəti vurğulanıb, ticarət, investisiya, yaşıl enerji sahələrində tərəfdaşlıq imkanları nəzərdən keçirilib.
Əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin, biznes subyektlərinin iştirakı ilə işgüzar tədbirlərin təşkilinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğu vurğulanıb.
Tərəflər Azərbaycanın sənaye parkları sahəsində təcrübəsindən istifadə və işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.