AZƏRBAYCANLI DEPUTAT NAZİRLƏR KOMİTƏSİNƏ SUALLA MÜRACİƏT ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 23-də günün ikinci yarısı öz işini davam etdirən AŞPA-nın yay sessiyasında Nazirlər Komitəsinin fəaliyyətdə olan yeni sədri, İsveçin xarici işlər naziri Karl Bildt rəhbərlik etdiyi təşkilatın sessiyalararası fəaliyyəti barədə məlumat verdikdən sonra deputatların ona unvanlanmış yazılı və şifahi suallarına cavab vermişdir.
Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva yeni sədrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövreyini bilmək istədiyini qeyd etmişdir. Daha sonra Avropa Şurasının üzvü olan Ermənistana - qurumun digər üzvünün ərazilərinin 20 faizini 15 ildən artıq bir dövrdə işğal altında saxlayan, bir milyondan çox azərbaycanlını doğma torpaqlarından didərgin salıb qaçqın və məcburi köçkün kimi yaşamağa vadar edən, onların hüquqlarını tapdalayan, Avropa dəyərlərinə hörmət etməyən, beynəlxalq təşkilatlar, xüsusilə Avropa Şurası qarşısında götürdüyü öhdəlikərə və qurum tərəfindən qəbul edilmiş 1416 saylı qətnamənin tələblərini yerinə yetirməyən bir dövlətə qarşı Nazirlər Komitəsinin nə üçün indiyədək ölçü götürməməsi sualı ilə sədrə müraciət etmişdir.
Karl Bildt münaqişənin tezliklə həll olunmasının vacibliyini bildirməklə yanaşı, onun tənzimlənməsinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparıldığını xatırlatmış, bu sahədə danışıqların davam etdirildiyini, Sankt-Peterburqda hər iki ölkə prezidentinin görüşünü dəstəklədiyini, belə görüşlərin münaqişənin tezliklə, danışıqlar yolu ilə həlli istiqamətində mühüm rol oynadığını və Avropa Şurasının bu sahədə öz dəstəyini göstərdiyini diqqətə çatdırmışdır.
Sessiyanın sonunda Qara dənizdə ətraf mühitin çirklənməsinə qarşı mübarizə məsələsi müzakirə edilmişdir. Məruzəçi və çıxış edən deputatlar balıq ovu sahəsində Qara dənizin Avropada mühüm rola malik olduğunu, dənizə axıdılan sənaye tullantılarının, çirkli suların ekoloji baxımdan canlılar üçün təhlükə törətdiyini, dənizin ətrafında salınmış şəhər və qəsəbələrin müasir sutəmizləyici qurğularla təmin edilməsinin vacibliyini göstərmiş, əks-halda gələcəkdə Qara dənizin də ölü dənizə çevrilməsi qorxusu ilə qarşılaşacağını bildirmişlər.