Azərbaycanlı deputatın məruzəsi AŞPA komitəsinin plenar iclasına tövsiyə olunub
Strasburq, 30 sentyabr, AZƏRTAC
Qadınlara qarşı zorakılıqla mübarizə üzrə Avropa Şurasının baş məruzəçisi və “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsinin siyasi əlaqələndiricisi, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın “Qadınlar əleyhinə zorakılığın önlənməsi üzrə ən yaxşı praktikaların formalaşdırılması” adlı məruzəsi AŞPA-nın bərabərlik və qeyri-diskriminasiya komitəsində müzakirədən sonra yekdilliklə qəbul edilərək plenar iclasa tövsiyə olunub.
S.Qafarova bildirib ki, Avropa Şurasının qadınlara qarşı zorakılığın və ailədaxili şiddətin önlənməsi və ona qarşı mübarizə üzrə Konvensiyasının (İstanbul Konvensiyası) qüvvəyə minməsi ilə bu sahədə uğur əldə edilib. Bu Konvensiyanın qəbul olunması göstərir ki, qadınlara qarşı zorakılıq əleyhinə mübarizə aparmaq yüksək səviyyəli siyasi gündəliklərdə əsas müzakirə məsələlərindəndir. Son illər bu sahədə əldə edilən uğurlara baxmayaraq, mövcud statistik məlumatlar hələ də narahatlıq doğurur.
Qadınlara qarşı zorakılığın önlənməsi işində parlamentarilərin əhəmiyyətli rolunu qeyd edən azərbaycanlı deputat vurğulayıb ki, bu sahədə əsas məsələ milli qanunvericiliyin İstanbul Konvensiyasına uyğunluğunu, eləcə də onun doğru formada icra edilməsini təmin etməkdir. O deyib ki, ilk dəfə Avropa Şurası müqaviləsində parlamentarilərin və Parlament Assambleyasının bu Konvensiyanın həyata keçirilməsi ilə bağlı rolu dəqiq qeyd edilib.
Avropa Şurasına üzv dövlətlərdə qadınlara qarşı zorakılığın önlənməsi ilə bağlı mövcud qanunvericilik və praktikalara dair ətraflı məlumatları özündə cəmləyəcək bu məruzənin əsas məqsədi qanunvericilərin bu sahədə təcrübələrini daha da zənginləşdirməkdir. Məruzə, eyni zamanda, Konvensiyanın monitorinq qurumu olan GREVIO-nun və parlamentlərin nəzarət fəaliyyətlərinin tamamlayıcı komponenti kimi çıxış edəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq