Azərbaycanlı jurnalistlər Ukraynada bir sıra görüşlər keçiriblər
Kiyev, 1 iyul, AZƏRTAC
Ukraynada səfərdə olan azərbaycanlı jurnalistlər Hacıbəy Heydərli, Əfsələddin Ağalarov və Fərid Şahbazlı yerli media təmsilçilərı və ekspertlərlə görüşlər keçiriblər.
AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Ukrayna ilə Azərbaycan mediası arasında əlaqələrin inkişafı və hər iki ölkə gəncləri arasında birgə layihələrin icrası imkanlarını müzakirə etmək, Azərbaycan həqiqətlərinin Ukrayna cəmiyyətində təbliğini gücləndirməkdir.
Azərbaycanlı jurnalistlərin ilk görüşü bir qrup ukraynalı jurnalistlər və hərbi ekspertlərin- Yuriy Koçevenko, Dmitri Qromokov, Yuriy Cukro və Valentina Bikova iştirakı ilə baş tutub. Tədbirdə 44 günlük Vətən müharibəsində Ukrayna mediasının Azərbaycanın haqlı mübarizəsinə verilən dəstəyinə görə təşəkkür edilib. Ekspertlər çalışdıqları media orqanlarında Azərbaycanla bağlı bundan sonra da daha geniş̧ məqalələrlə çıxış̧ edəcəklərini bildiriblər.
Səfər çərçivəsində azərbaycanlı jurnalistlər Ukraynanın tanınmış̧ informasiya agentliklərindən olan “Qolos” Media Qrupunu ziyarət ediblər. Vətən müharibəsi dönəmində Azərbaycanla bağlı verdiyi obyektiv informasiyalarla Ukrayna mediasında özünəməxsus yerə malik olan “Qolos”un rəhbəri Viktoria Poluşkinaya təşəkkür edilib.
V.Poluşkina Azərbaycanı haqlı müharibədə əldə etdiyi zəfərə görə təbrik edib. O, yaxın gələcəkdə Ukrayna-Azərbaycan medialararası platformun yaranmasının vacibliyini vurğulayıb.
Jurnalistlər, həmçinin Ukrayna Maliyyə Nazirliyinin Universitetində universitetin birinci prorektoru Anton Monayenko və beynəlxalq əlaqələr şöbəsinin direktoru Andrey Bozkov ilə görüşüb. Görüşdə azərbaycanlı gənclər üçün yeni imkanlar və ortaq layihələrlə bağlı maraqlı müzakirələr aparılıb. Daha sonra universitetin Jurnalistika fakültəsi və studiyası ziyarət edilib. Jurnalistika fakültəsi ilə ortaq layihələrlə bağlı razılıq əldə olunub.
Tədbirlərin üçüncü günü̈ Odessa səhərində davam edib. Odessada Ukrayna Jurnalistlər Birliyinin Regional Ofisində keçirilən tədbirdə birliyin sədri, Ukraynanın Əməkdar jurnalisti Yuri Rabotin, birliyin İdarə Heyətinin üzvü̈, tanınmış̧ jurnalist Natalia Privalova və digər rəsmi şəxslər iştirak ediblər.
Görüş̧ zamanı ukraynalı jurnalistlərə Vətən müharibəsi, Azərbaycandakı media siyasəti haqqında geniş̧ məlumat verilib və Azərbaycan-Ukrayna mediası arasında əməkdaşlıq üçün ilkin razılığa gəlinib.
Bundan başqa azərbaycanlı jurnalistlər Kiyev şəhər Şurasının deputatı soydaşımız Dinara Həbibullayeva ilə də görüşərək aktual məsələləri müzakirə ediblər.
Daha sonra Kiyev Milli Linqvistika Universitetinin rektoru professor Roman Vasko, prorektor, professor Korolyova Alla Valeryanovna və beynəlxalq əlaqələr departamentinin direktoru Anastasia Pojarla görüş keçirilib. Onlar universitetdə Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Görüşlərdə Vətən müharibəsinin qələbə simvolu olan “Xarıbülbül” sancaqları hədiyyə edilib. Tədbirlər Ukrayna mediası tərəfindən geniş̧ işıqlandırılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev