AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMINI DÜNYAYA TANITMALIYIQ
Mərasimi giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov 1918-ci ilin yazında Azərbaycanın Bakı, Şamaxı, Quba, Qarabağ, Lənkəran, Gəncə, Zəngəzur və digər bölgələrində ermənilərin, o cümlədən kommunist maskası altında çirkin daşnak siyasəti yürüdən Stepan Şaumyan və onun əlaltılarının azərbaycanlılara qarşı vəhşiliklərindən, 70 mindən artıq günahsız əhalinin xüsusi amansızlıqla qətlə yetirmələrindən, kəndləri viranəyə çevirib sakinləri yurd-yuvalarından didərgin salmalarından danışmışdır. O bildirmişdir ki, erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə yeksan etmişlər. 1918-20-ci illərdə daşnaklar Qərbi Azərbaycanda 565 min azərbaycanlını bəşər tarixində misli görünməmiş vəhşiliklə qətlə yetirmişlər. 1905-1907, 1918-1920, 1948-1952 və 1988-ci illərdə, nəhayət, 1992-ci ildə Xocalıda erməni qaniçənlərin törətdikləri kütləvi qətliamı xatırladan rektor sovet dövründə 1918-ci ilin dəhşətli mart soyqırımının gizlədildiyini və bunun yalnız ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini aldığını vurğulamışdır.
Sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
“Böyük Ermənistan” xülyası və Azərbaycana qarşı soyqırımı siyasəti” mövzusunda məruzə ilə universitetin professoru Seyidağa Onullahi bildirmişdir ki, ermənilər Azərbaycanın təkcə şimalda deyil, cənubunda da kütləvi qırğınlar törətmiş, Xoy, Səlmas və Urmiyada 300 mindən artıq azərbaycanlını qətlə yetirmişlər. Məruzəçi demişdir ki, erməni terrorizminin öz dəst-xətti vardır və bu, tarixi mənbələrdə öz əksini tapmışdır. Ona görə də soyqırımı ilə əlaqədar bütün sənədləri kitab halında, həm də bir neçə dildə nəşr etmək və bütün dünyaya yaymaq lazımdır.
“1918-1920-ci illərdə Qərbi Azərbaycanda türk–müsəlman soyqırımı” mövzusunda məruzə edən dosent Anar İsgəndərov xatırlatmışdır ki,1918-ci il aprelin 2-də xarici müxbirlərin Bakıda çəkdikləri 94 şəkil Əlimərdan bəy Topçubaşovun təşəbbüsü ilə 1919–cu ildə Paris sülh konfransına gödərilmişdir. Təəssüf ki, indiyə qədəq həmin şəkilləri Azərbaycana gətirə bilməmişik.
Sonra tələbələrdən Mehmet Söner “Türk millətinin başağrısı -ermənilər”, İradə Tahirova “Müharibə faktoru və ekoloji problemlər”, Bəxtiyar Məmmədov “31 mart azərbaycanlıların soyqırımı gününün beynəlxalq–hüquqi baxımdan qiymətləndirilməsi”, Zeynəb Səfərova “Ermənistanın işğalı və Azərbaycan toponimlərinin dəyişdirilməsi”, Tofiq İsmayılov “Azərbaycanın işğal olunmuş ərazilərinin faydalı qazıntıları”, Tural Raufoğlu “Ermənilərin soyqırımı siyasətinin sosial, siyasi və psixoloji nəticələri” mövzularında çıxışları dinlənilmişdir.