Azərbaycanlıların Soyqırımı Günü Şamaxıda kütləvi tədbirlərlə qeyd edilmişdir
Şamaxı, 31 mart (AZƏRTAC). Şamaxıda Azərbaycanlıların Soyqırımı Günü kütləvi tədbirlərlə qeyd edilmişdir. Rayonun bütün ümumtəhsil məktəblərində ilk dərslər soyqırımı mövzusuna həsr edilmiş, tarix və diyarşünaslıq muzeyində, eləcə də klub və kitabxanalarda sərgilər təşkil olunmuşdur.
AZƏRTAC xəbər verir ki, martın 31-də səhər saatlarında rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyətin çoxsaylı nümayəndələri soyqırımı abidəsinin qarşısına toplaşmış, faciə qurbanlarının xatirəsini yad etmişlər.
Sonra mədəniyyət sarayında yığıncaq keçirilmişdir. Çıxış edənlər azərbaycanlılara qarşı zaman-zaman törədilmiş kütləvi qırğınlar barədə danışmış, bununla əlaqədar tarixi faktları diqqətə çatdırmışlar. Bildirilmişdir ki, erməni daşnakları Stepan Şaumyanın başçılığı ilə azərbaycanlı əhalinin ucdantutma qətlə yetirilməsinə əvvəlcədən hazırlıq görmüş, Şamaxı qəzasında yaşayan ermənilərə gizli surətdə silah-sursat paylanmışdır. 1918-ci ilin mart-aprel aylarında qəza mərkəzi və 86 kənd amansız basqınlara məruz qalmışdır. O vaxt yaradılmış və fəaliyyəti yarımçıq qalmış istintaq komissiyasının təkcə 53 kənddə aparıldığı araşdırmalar nəticəsində basqınlar zamanı 8027 nəfər (bəzi məlumatlara görə 40 min nəfər) azərbaycanlının vəhşicəsinə öldürüldüyü sübuta yetirilmişdir. Onların da yarısı uşaqlar və qadınlar olmuşdur. Şamaxının yüzlərlə sakini məscidə doldurularaq diri-diri yandırılmışdır.
Yığıncaqda ermənilərin etnik təmizləmə və soyqırımı siyasətini müasir dövrdə də davam etdirdiyi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən növbəti dəhşətli qətliam barədə də məlumatlar verilmişdir.
Çıxışlarda vaxtilə ümummilli liderimiz Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin erməni daşnaklarının məkrli niyyətlərinin qarşısının alınması, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördükləri işlərdən razılıq hissi ilə söhbət açılmışdır.