QAN YADDAŞI
Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi anılmışdır
![](/files/galleryphoto/2013/1/1200x630/1407928883523754755_1200x630.jpg)
![](/files/galleryphoto/2013/1/1200x630/14079288845069050657_1200x630.jpg)
Bakı, 30 mart (AZƏRTAC). Martın 30-da Qərb Universitetində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anma tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, universitetin kompyuter və dizayn fakültəsi tələbələrinin təşkil etdikləri tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə professorlar Rəna Babayeva, Mais Əmrahov və başqaları çıxış edərək bildirmişlər ki, ermənilərin öz havadarlarının köməyi ilə 1918-ci il martın 31-də xalqımıza qarşı törətdiyi soyqırımından 95 il ötür. Təxminən 200 il ərzində ermənilər azərbaycanlıların başına olmazın müsibətlər, faciələr gətirmiş, xalqımıza qarşı deportasiya və soyqırımı siyasəti həyata keçirmişlər. 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Lənkəranda və digər rayonlarda on minlərlə azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, yurd-yuvasından didərgin salmışlar.
Qeyd edilmişdir ki, bu soyqırımı hadisəsi yalnız ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.
Tədbirdə, həmçinin mövzu ilə bağlı rəsm, fotodizayn və müasir qrafika üsullarında çəkilmiş əl işlərindən ibarət sərgi və film nümayiş olunmuşdur.