AZƏRBAYCANLILARIN SOYQIRIMI QURBANLARININ XATİRƏSİ TÜRKMƏNİSTANDA DA ANILMIŞDIR
Aşqabad, 1 aprel (AZƏRTAC). Martın 31-də Azərbaycanın Türkmənistandakı səfirliyində 31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanmışdır.
Səfir E.Hüseynov tədbirdə çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının tariximizin faciəli səhifələrindən biri olduğunu bildirmiş, soyqırımı siyasətinin xronologiyasından, bu siyasətin tərkib hissəsi kimi günahsız əhalinin xüsusi amansızlıqla qətlə yetirilməsindən və azərbaycanlıların öz yurdlarından didərgin salınmasından geniş söhbət açmışdır. Bu siyasətin uzun tarixi olmasına baxmayaraq, həqiqətin ümummilli liderimiz Heydər Əliyevin qətiyyətli addımları sayəsində ictimaiyyətə çatdırıldığını və bu hadisələrin ulu öndərin 1998-ci il 26 mart tarixli Fərmanından sonra hüquqi-siyasi qiymətini aldığını qeyd etmişdir.
Tədbir iştirakçıları azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin, “böyük Ermənistan” xülyası ilə yaşayan qəsbkar ermənilər və onların himayədarları tərəfindən planlı şəkildə həyata keçirildiyini bildirmiş, dünya ictimaiyyəti tərəfindən ermənilərin dəhşətli əməllərinin bəşəriyyətə qarşı törədilmiş cinayət kimi hüquqi-siyasi qiymət almasının vacibliyini vurğulamış və bu istiqamətdə xaricdə yaşayan soydaşlarımızın səylərinin artırılmasının əhəmiyyətini qeyd etmişlər.
Tədbir iştirakçıları Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin 31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanatı ilə tanış edilmişlər.
Anma tədbirinin keçirilməsi ilə əlaqədar səfirliyin zalında azərbaycanlıların soyqırımını və erməni terrorunu əks etdirən kitab və materiallardan ibarət güşə tərtib edilmiş, eyni zamanda erməni terrorunu əks etdirən kompakt disklər nümayiş etdirilmişdir. Tədbir iştirakçılarına xalqımızın üzləşdiyi soyqırımı faciələri ilə bağlı Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyi tərəfindən göndərilmiş materiallar, habelə səfirlik tərəfindən türkmən dilində nəşr edilmiş “Bəşəriyyət əleyhinə cinayət” adlı kitabın nüsxələri paylanmışdır. Bununla yanaşı, səfirliyin internet səhifəsində 31 mart-Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar material yerləşdirilmişdir.