AZƏRBAYCANLILARIN SOYQIRIMI YADDAŞLARDAN SİLİNMƏYƏCƏKDİR
Qax, 31 mart (AZƏRTAC). Qax Rayon İcra Hakimiyyətinin akt zalında 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş yığıncaq keçirilmişdir.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş igid həmvətənlərin məzarlarını ziyarət etmiş, qəbirləri üzərinə gül-çiçək dəstələri düzmüş, xatirələrini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq, erməni millətçilərinin zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərdən danışmışdır. Natiq ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində xalqımızın məruz qaldığı soyqırımı və etnik təmizləmə siyasətinin dəhşətli miqyasının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, ulu öndərin müvafiq Fərmanına əsasən, 1998-ci ildən etibarən hər il martın 31-nin Azərbaycanlıların soyqırımı günü kimi qeyd edildiyini nəzərə çarpdırmışdır.
Rayon icra hakimiyyəti aparatının şöbə müdiri Məhərrəm Məhərrəmovun “31 mart - Azərbaycanlıların soyqırımı günüdür” mövzusunda məruzəsi dinlənilmişdir.
Qeyd olunmuşdur ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı siyasətinin əsas məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə saxtakar erməni tarixçilərinin, ideoloqlarının uydurduqları “Böyük Ermənistan” dövləti qurmaqdır. Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımının qanlı fəsadları əsrlər boyu erməni vandalizminin qurbanı olmuş Azərbaycan xalqının şüurunda dərin izlər buraxmışdır.
Yığıncaqda azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasəti ətraflı təhlil edilmiş, ermənilərin törətdikləri vəhşiliklərin, zorakılıqların xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi xüsusi vurğulanmışdır.