“AZƏRİLƏR” KİTABININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
Mərasimdə “ANS Şirkətlər Qrupu”nun əməkdaşları Sevil Nuriyeva, Orxan Fikrətoğlu, “Çaşioğlu” NPŞ-nin prezidenti Hikmət Hüseynov və başqaları çıxış edərək, kitabın AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən hazırlanaraq, ilk dəfə 1998-ci ildə rus dilində çap olunduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, kitabın məhz ingilis dilinə tərcümə edilməsinin səbəbi, Azərbaycanda yaşayan və işləyən əcnəbilərin də xalqımızın mədəni, psixoloji davranış tərzinin etnik xüsusiyyətlərini tam başa düşməsinə nail olmaq və adət-ənənələrimizi, xalqımızın təşəkkül və inkişaf prosesini daha geniş oxuçu kütləsinə çatdırmaq istəyindən irəli gəlmişdir. Tim Magill, Riçard Hilman və Emilia Mütəllibzadə tərəfindən tərcümə edilmiş kitabın üstün cəhətlərindən biri də odur ki, burada tarixi hadisələrin təsviri ilə yanaşı, Azərbaycan türklərinin qədim tarixi adət-ənənələri, əsrlər boyu qeyd etdiyimiz milli bayramlar, mədəniyyətimizin keçdiyi böyük inkişaf yolu da əksini tapmışdır. Rəssam-fotoqraf Hüseyn Hüseynzadənin fotoşəkilləri kitabda verilmiş məlumatların daha ətraflı, əyani və dəqiq başa düşülməsinə imkan yaratmışdır.
Mədəniyyət naziri Polad Bülbüloğlu toplunun digər aparıcı dünya dillərinə - ispan, rus, fransız, ərəb dillərinə də tərcümə edilməsinin əhəmiyyətindən danışmışdır. Nazir bildirmişdir ki, gələn il Azərbaycanda Rusiya ili olacaq və fevral ayında bu ölkənin prezidenti Vladimir Putinin respublikamıza səfəri gözlənilir. Bu fundamental kitabın o zamana qədər yenidən rus dilində çap edilməsi yaxşı olardı. O, Mədəniyyət Nazirliyinin bu məsələdə kömək etməyə hazır olduğu vurğulanmışdır.
Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı tədbirdə iştirak etmişdir.