“Azəriqaz”ın rəhbərliyi cəbhə zonasındakı vəziyyətlə yerində maraqlanıb
Bakı, 4 oktyabr, AZƏRTAC
Məlumat verildiyi kimi, “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan strateji obyektlərin, kommunikasiyaların, infrastrukturun, partlayış təhlükəli obyektlərin, rabitə sistemi və şəbəkələrin, təbii qazın nəqlinin fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsi üçün birlikdə 7/24 rejimində fəaliyyət göstərən qərargah yaradılıb. Qərargahın fəaliyyəti və cəbhə zonasında vəziyyətin nə yerdə olduğu ilə maraqlanmaq üçün “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev və baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov Tərtər, Ağdam və Füzulu rayonlarında olublar.
“Azəriqaz”dan AZƏRTAC-a bildirilib ki, yerlərdə qaz təsərrüfatına dəyən ziyan araşdırılıb və yerli icra orqanları ilə görüşməklə əlaqəli iş rejiminin qurulması barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, birliyin rəhbərliyi sakinlərlə də söhbətləşərək qaz təchizatında yaranmış müvəqqəti çətinliklərin tezliklə aradan qaldırılacağını, növbəti görüşlərin yaxın zamanlarda işğaldan azad olunacaq torpaqlarda baş tutacağına əmin olduqlarını ifadə ediblər.
Qeyd edək ki, hazırda Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər və Bərdə rayonları üzrə ümumi abonentlərin 69 faizi təbii qazla təmin olunur, 31 faiz abonentin isə təhlükəsizlik tədbiri olaraq qaz təchizatı məhdudlaşdırılıb. Goranboy rayonunun Tapqaraqoyunlu kəndi və Tərtər rayonunun hazırda ümumiyyətlə qaz təminatı dayandırılıb.
Düşmənin mülki əhalini, yaşayış məntəqələrini atəşə tutması nəticəsində “Azəriqaz”ın bölgədə fəaliyyət göstərən struktur bölmələrinin nəqliyyat vasitələrinə və binalarına da ziyan dəyib. Dünən gecə düşmənin atdığı mərmilər Goranboy rayonunun qaz təsərrüfatına məxsus xidməti binanı və xidmət rəisinin avtomobilini ciddi zədələyib.