AZƏRTAC-IN İNFORMASİYA SAHƏSİNDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIĞA ÜSTÜNLÜK VERMƏSİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİR
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov qonağı səmimi salamlayaraq, 42 il mətbuatda çalışmış təcrübəli jurnalistlə görüşün faydalı olduğunu bildirdi, agentliyin yaranma tarixi və hazırkı iş şəraiti barədə məlumat verdi.
Agentliyin inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu vurğulayan, ulu öndərin jurnalistlərə göstərdiyi diqqət və qayğıdan ətraflı söhbət açan Aslan Aslanov xatırlatdı ki, məhz Heydər Əliyevin sayəsində hələ ötən əsrin 70-ci illərində sürətli inkişaf yoluna çıxan Azərbaycan o vaxtdan dünyada tanınmağa başlamışdır.
Qonağa ildönümü yaxınlaşan 20 Yanvar faciəsinin səbəbləri, Ermənistanın Azərbaycana təcavüzünün tarixi və acı nəticələri barədə də məlumat verildi. Eyni zamanda bildirildi ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev ölkəni fəlakətdən xilas etdi, Azərbaycanı düşdüyü informasiya blokadasından çıxardı, siyasi-iqtisadi böhrana son qoydu. AZƏRTAC-ın fəaliyyətinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, dünya informasiya məkanında yer tutması, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm qərarlar qəbul etdi. Tarixə nəzər salsaq, mətbuatın cəmiyyətə təsir gücünü Heydər Əliyev qədər qiymətləndirən dövlət başçılarına az-az rast gəlmək olar. Hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən demokratik inkişaf xətti Azərbaycanda mətbuat və söz azadlığının daha da genişlənməsi üçün yeni imkanlar açır.
Görüşdə xüsusi vurğulandı ki, beynəlxalq əlaqələrini getdikcə genişləndirən, dünyanın aparıcı informasiya agentlikləri ilə ikitərəfli səviyyədə və regional qurumlar çərçivəsində əlaqələr yaradan agentlik hazırda dünyanın 80-ə yaxın ölkəsinə Azərbaycan, ingilis və rus dillərində informasiyalar göndərir. Bu baxımdan AZƏRTAC Assoşieyted Press kimi nüfuzlu agentliklə də əməkdaşlıq yaradılmasına xüsusi əhəmiyyət verir.
Professor Mayron Belkind görüşə görə təşəkkür edərək, Azərbaycanı yaxşı tanıdığını, ölkələrimiz arasında informasiya mübadiləsinin zəruriliyini bildirdi, AZƏRTAC-ın beynəlxalq əməkdaşlığa üstünlük verməsini yüksək qiymətləndirdi. Özünün jurnalistlik fəaliyyəti barədə məlumat verən qonaq uzun illər Hindistan, Böyük Britaniya və Yaponiyada zəngin təcrübə topladığını xatırlatdı. O, informasiya agentliyində işləməyin maraqlı və məsuliyyətli olduğunu vurğuladı, öz nüfuzundan və imkanlarından istifadə edərək, AZƏRTAC-ın beynəlxalq əlaqələrinin genişlənməsinə kömək etmək üçün lazımi səylər göstərəcəyini söylədi.
Sonra qonaq AZƏRTAC-ın texniki imkanları ilə yaxından tanış oldu, gənc jurnalistlərlə görüşüb fikir mübadiləsi apardı.