İDMAN
AZƏRTAC “Zəfər” 2023 Beynəlxalq İdman Mükafatına layiq görülüb
Bakı, 27 yanvar, AZƏRTAC
Yanvarın 26-da “Sportsman” jurnalının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Milli Olimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Olimpiya, dünya və Avropa çempionları, federasiya və klubların təmsilçiləri, eləcə də idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
“Sportsman” jurnalının baş redaktoru Rəşad Qəmərşahoğlu nəşrin bu illər ərzində keçdiyi şərəfli yoldan danışıb. Bildirib ki, 20 il ərzində böyük sınaqdan keçən jurnal ayaqda durmağı bacarıb.
Sonra “Sportsman" jurnalının “Zəfər” 2023 Beynəlxalq İdman Mükafatının təqdimetmə mərasimi keçirilib. Ötən ilin yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.
Mükafatlandırılanlar arasında AZƏRTAC Dövlət İnformasiya Agentliyi də var. Belə ki, AZƏRTAC “İlin İnformasiya Agentliyi” nominasiyası üzrə “Zəfər” 2023 Beynəlxalq İdman Mükafatına layiq görülüb.
“Olimpiya dünyası” qəzetinin məsul katibi Anar Əhmədov isə “İlin idman jurnalisti” nominasiyası üzrə bu mükafatın qalibi olub.
Mərasimdə digər nominasiyalar üzrə də qaliblər müəyyənləşib, fərqlənənlərə mükafatlar və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “Sportsman” jurnalının ilk sayı 2004-cü il yanvarın 31-də işıq üzü görüb. Jurnal idmanın və Olimpiya Hərəkatının təbliği ilə yanaşı, 2007-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatını təsis edib. Bu mükafat ən yüksək idman nailiyyətləri qazanan idmançılara, məşqçilərə, mütəxəssislərə, Azərbaycan idmanına dəstək olan müxtəlif qurumlara verilir. 2016-cı il yanvarın 29-da isə Dünya İdman Jurnalistləri Assosiasiyasının (AİPS) maltalı baş katibi Çarli Kamenzuli və fransalı Kristof Mousset idmanın inkişafındakı xidmətlərinə görə “Zəfər” mükafatına layiq görülüblər. Bununla da “Sportsman” jurnalının bu layihəsi “Zəfər” Beynəlxalq İdman Mükafatı statusunu qazanıb.
“Zəfər” 2023 Beynəlxalq İdman Mükafatının təqdimat mərasimində Milli Olimpiya Komitəsinin mətbuat katibi, "Olimpiya dünyası" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyev “Sportsman” jurnalının 20 illik yubileyi münasibəti ilə nəşrin baş redaktoru Rəşad Qəmərşahoğluna MOK-un hədiyyəsini təqdim edib.