“AzMeCo” şirkəti sərgidə ekoloji cəhətdən maraqlı layihə təqdim edir
Bakı, 22 noyabr (AZƏRTAC). Bakı Ekspo Mərkəzində ətraf mühitin mühafizəsinə həsr olunmuş Beynəlxalq “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” (CTE 2013) Beynəlxalq Sərgisi öz işinə başlamışdır.
Regionda ilk metanol zavodunun sahibi olan “AzMeCo” şirkəti də sayca 4-cü olan bu sərgidə iştirak edir.
Şirkətin ətraf mühitə və ekologiyaya diqqəti təcəssüm etdirən stendində sərginin ziyarətçilərinə “AzMeCo” metanol layihəsi, metanol iqtisadiyyatı, metanol zavodunda istehsal edilən məhsulun ekoloji cəhətdən əlverişli xüsusiyyətləri, energetik üstünlükləri haqda ətraflı məlumat verilmişdir.
“AzMeCo” stendində təmsil olunan, şirkətin AzmECO Green Houses bölməsi ekoloji park olan AzmECO Park layihəsini hazırlamışdır.
Bölmə maraqlı ekoloji bazalı landşaft dizayn layihələri yaradıb onları tam ərsəyə gətirir. Şirkətin landşaft memarı, Fikrət Şimşək AZƏRTAC-a müsahibəsində demişdir: “AzmECO” Parkı ekoloji təməlli unikal bir layihədir. Biz bu parkda insanlar üçün həm istirahət, həm də ekologiya və ətraf mühiti qorumaq, torpaq və təbiət haqqında ətraflı məlumat almaq üçün gözəl şərait yaradacağıq. Parkda bağbanlar məktəbi, şagirdlər üçün animasiya mərkəzi və dekorativ bitkilər yetişdirilən sahələr olacaqdır. Həmçinin, ərazidə Azərbaycanın təbii bitkiləri olan botanika bağı da yaradılacaqdır”.
Qeyd olunmuşdur ki, Metanol zavodunun illik istehsal gücü 720 min tondur. Metanol zavodları kimya sənayesində ən təmiz və ekoloji cəhətdən zərərsiz istehsal hesab edilir. Unikal layihənin ümumi dəyəri 350 milyon manatdır.