AzMİU Almaniyada beynəlxalq platformada təmsil olunub
Bakı, 9 iyun, AZƏRTAC
Almaniyanın Brandenburq Texniki Universitetində keçirilən “Ağıllı şəhərlərdə ağıllı təhsil: çağırışlar və həll yolları” (Smart Education in Smart Cities: Challenges and Solutions) mövzusunda beynəlxalq tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti fəal iştirak edib.
Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib.
Diasporla İş üzrə Dövlət Komitəsi, Almaniya Azərbaycanlıları Alyansı, Brandenburq Texniki Universiteti, Almaniyanın Fraunhofer Keramika Texnologiyaları və Sistemlər İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbir elm, təhsil, rəqəmsal texnologiyalar və şəhərsalma sahəsində çalışan beynəlxalq ekspertləri bir araya gətirib.
Tədbirdə AzMİU-nun rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Müzakirələr zamanı təhsilin rəqəmsallaşdırılması, süni intellekt texnologiyalarının ali təhsildə tətbiqi, şəhərlərin rəqəmsal transformasiyası, ağıllı şəhərlərin inkişafında universitetlərin rolu və beynəlxalq akademik əməkdaşlığın perspektivləri geniş şəkildə müzakirə olunub.
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmli elm və təhsil sahəsində beynəlxalq tərəfdaşlıqların əhəmiyyətindən danışaraq bu cür təşəbbüslərin müxtəlif ölkələrin alim və tədqiqatçıları arasında yeni əməkdaşlıq əlaqələrinin qurulmasına imkan yaratdığını bildirib.
Professor Gülçöhrə Məmmədova çıxışında universitetin son illərdə həyata keçirdiyi inkişaf strategiyası, beynəlxalq tərəfdaşlıqları, rəqəmsallaşma istiqamətində görülən işlər və elmi-tədqiqat potensialı barədə ətraflı məlumat verib. Rektor universitetdə yaradılan müasir laboratoriyalar, tətbiqi tədqiqatların genişləndirilməsi, beynəlxalq layihələrdə iştirak və süni intellektəsaslı təhsil həllərinin tətbiqi istiqamətində əldə olunan nəticələri diqqətə çatdırıb. O, Azərbaycanın şəhərsalma sahəsində qazandığı təcrübədən də bəhs edib. Bildirib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi ölkəmizi bu sahədə beynəlxalq səviyyədə diqqət mərkəzinə gətirib. Rektor, həmçinin Azərbaycanın qlobal şəhərsalma gündəliyində artan rolunu vurğulayaraq WUF13-ün ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb.
Tədbirdə AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov da məruzə ilə çıxış edib. Məruzədə enerji səmərəliliyi, alternativ enerji mənbələri, yaşıl texnologiyalar və dayanıqlı şəhərsalma prinsiplərinin müasir urban inkişafda oynadığı rol geniş şəkildə təqdim olunub.
Beynəlxalq tədbir çərçivəsində aparılan müzakirələr AzMİU-nun qlobal akademik platformalarda fəal iştirakını, universitetin elm, innovasiya və şəhərsalma istiqamətlərində beynəlxalq tərəfdaşlıqlarının daha da genişləndiyini bir daha nümayiş etdirib.