AzTU-da informasiya texnologiyaları sahəsində çalışan tələbələrin birinci forumu olub
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) informasiya texnologiyaları sahəsində çalışan tələbələrin iştirakı ilə “İşləyən Tələbələrin I Forumu: Təhsil, Karyera və Gələcək Bacarıqlar” mövzusunda forum keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, AzTU İnkubasiya Mərkəzinin təşkil etdiyi tədbirin məqsədi informasiya texnologiyaları sahəsində çalışan tələbələri bir araya gətirmək, onların təcrübələrini paylaşmaq, qarşılaşdıqları problemləri müzakirə etmək və universitet–sənaye əməkdaşlığını gücləndirmək olub.
Tədbiri açan “Startap Azərbaycan” platformasının rəhbəri Osman Gündüz rəqəmsal transformasiya, əmək bazarının tələbləri və gələcəyin bacarıqları barədə fikirlərini iştirakçılarla bölüşüb.
AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə həyata keçirilən layihələr, tələbələr üçün yaradılan imkanlar və qarşıdakı dövrdə nəzərdə tutulan yeniliklər barədə məlumat verib. Daha sonra rektor işləyən tələbələrin problemlərini və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Görüşün sonunda AzTU-nun IT sektorunda çalışan tələbələrinin şəbəkəsinin yaradılması barədə qərar qəbul olunub.
Bu formatda görüşlər mütəmadi olaraq təşkil ediləcək, tələbələr arasında əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsi istiqamətində fəaliyyətlər davam etdiriləcək.