Baharın gəlişi Balakəndə bayram əhvali-ruhiyyəsi ilə qeyd olunub
Balakən, 17 mart, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımızın ən əziz bayramlarından olan Novruz Balakən rayonunda böyük coşqu ilə qeyd olunur. Balakənlilər baharın gəlişini böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Balakən şəhərindəki Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında keçirilən ümumrayon Novruz şənliyi bayram tonqalının alovlandırılması ilə başlayıb. Sonra tədbir iştirakçıları xalqımızın, eləcə də rayonda yaşayan azsaylı xalqların milli adət-ənənələrini özündə əks etdirən sərgi və guşələrə baxıb, el sənətkarlarının əl işləri və milli mətbəx nümunələri ilə tanış olublar.
Tədbirdə qədim adət-ənənələrimizdən olan Novruzun xalqımız tərəfindən həmişə böyük sevinc və coşqu ilə qarşılandığı qeyd olunub, milli adət-ənənələrimizin özümüzə qaytarılmasında, milli bayramlarımızın dövlət səviyyəsində qeyd edilərək ümumxalq bayramı səviyyəsinə qaldırılmasında Ümummilli Lider Heydər Əliyevin, onun siyasi varisi Prezident İlham Əliyevin böyük xidmətlərinin olduğu vurğulanıb. Bildirilib ki, artıq Novruz şənlikləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun işğaldan azad etdiyi doğma Qarabağ torpağında da təntənə ilə qeyd olunur.
Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam edib.