“Bakcell” şirkəti U-17 Avropa çempionatının mobil rabitə partnyoru olub
Bakı, 9 mart, AZƏRTAC
Azərbaycanda təşkil olunacaq UEFA U-17 Avropa çempionatının yerli təşkilat komitəsi ilə “Bakcell” şirkəti arasında sponsorluq müqaviləsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, martın 9-da “Bakcell” şirkətinin baş ofisində təşkil olunan mərasimdə müqaviləni AFFA-nın baş katibi, Avropa çempionatının yerli təşkilat komitəsinin sədri Elxan Məmmədov və “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer imzalayıblar.
Müqavilənin şərtlərinə əsasən, “Bakcell” şirkəti U-17 Avropa çempionatının təşkilati işlərinə maliyyə yardımı göstərməkdən əlavə, turnirin mobil rabitə partnyoru olaraq yerli təşkilat komitəsinin əməkdaşlarını mobil telefon aparatları və sim kartlarla təmin edəcək. “Bakcell” Avropa çempionatının sponsoru olaraq turnirin adından və rəsmi elementlərindən istifadə etməklə yanaşı, bir çox reklam hüquqları əldə edəcək.
Elxan Məmmədov bununla əlaqədar deyib: “Sevindirici haldır ki, 2012-ci ildən etibarən “Bakcell” şirkəti təkcə AFFA ilə deyil, ümumilikdə Azərbaycan futbolu ilə həmrəylik nümayiş etdirir. Bildiyiniz kimi, FİFA U-17 qadınlararası dünya çempionatının təşkili zamanı da biz “Bakcell” şirkəti ilə əməkdaşlıq etmişik. İndi isə “Bakcell” bu il mayın 5-dən 21-dək Bakıda təşkil olunacaq UEFA U-17 Avropa çempionatının rəsmi sponsoru olacaq. Bundan əlavə, “Bakcell”in əməkdaşlığı ilə “Mançester Yunayted futbol məktəbi” layihəsi də uğurla həyata keçirilir. Ümid edirəm, bu səmərəli əməkdaşlığı gələcəkdə də davam etdirəcəyik”.
Riçard Şirer isə müqavilənin imzalanmasına münasibət bildirərkən deyib: “Əməkdaşlığımız ilk dəfə 2012-ci ildə - 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatından başlayıb. İndi isə qarşıda 17 yaşadək oğlanlardan ibarət komandalar arasında Avropa çempionatı durur. Bu, çox həyəcanverici, gənc istedadları üzə çıxaracaq bir yarışdır. “Bakcell” şirkəti istedadların üzə çıxarılması prosesində səylərini əsirgəmir”.