İQTİSADİYYAT
“Bakcell” şirkəti Xəzər İntellektual Gənclər Klubu ilə əməkdaşlığa başlayıb
Bakı, 17 dekabr, AZƏRTAC
“Bakcell” şirkəti Xəzər İntellektual Gənclər Klubu ilə birgə əməkdaşlıq çərçivəsində “ƏlfəCIN” adlanan intellektual layihəyə start verib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi intellektual oyunlar hərəkatını genişləndirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaqdır.
“ƏlfəCIN”-də iştirak hamı üçün sərbəstdir. Layihə çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə “Nə? Harada? Nə zaman?”, “Breyn Rinq”, “Xəmsə” və fərdi oyun üzrə yarışlar təşkil ediləcək.
Qeyd edək ki, layihə çərçivəsində ilk yarış olan “Nə? Harada? Nə zaman?” oyunu üzrə “Qış Kuboku” artıq təşkil olunub.
2015-ci ilin yanvarında baş tutacaq növbəti yarış “Nə? Harada? Nə zaman?” oyunu üzrə Universiada olacaq. Turnirdə Azərbaycanın 16 bölgəsindən 1000 nəfərdən çox tələbənin iştirakı gözlənilir. Layihə çərçivəsində təşkil ediləcək digər turnirlər barədə məlumatlar “Bakcell” və Xəzər İntellektual Gənclər Klubunun rəsmi web səhifələrində və sosial media hesablarında yerləşdiriləcək.