“Bakı-2017”: Azərbaycanın qadın həndbolçuları qələbə seriyasını davam etdiriblər
Bakı, 11 may, G.Mahmudlu, B.Vəliyev, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarında qadın həndbolçuların yarışında uğurlu çıxışını davam etdirən Azərbaycan millisi qrup mərhələsinin sonuncu oyununda da qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, qadın həndbolçularımız qrupda sonuncu görüşdə Türkiyə millisi ilə üz-üzə gəliblər.
Gərgin idman mübarizəsi şəraitində keçən ilk hissədə milli komandamız üstün olub - 10:8. Matçın ikinci hissəsində həndbolçularımız rəqibin inadlı müqavimətini qıraraq qələbəni təmin ediblər - 17:14. Beləliklə, oyunda 27:22 hesabı ilə qalib gələn Azərbaycan milli komandası qrup mərhələsində maksimum nəticə göstərərək yarımfinala yüksəlib.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən matçı rumıniyalı hakimlər briqadası idarə edib.