İDMAN
“Bakı-2017”nin üzgüçülük yarışlarının ikinci günü start götürüb
Bakı, 14 may, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, mayın 14-də səhər sessiyasında kişilər arasında brass, sərbəst və kompleks üsulla üzmə yarışları başlayıb.
200 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarının nəticələrinə görə ən yaxşı nəticəni iordaniyalı üzgüçü Kader Qatriç Baqla göstərib (1:52.48 s). İkinci yerdə Türkiyə təmsilçisi Erge Can Gezmis (1:54.87 s), üçüncü yerdə İndoneziya Puter Randa (1:55.87 s) qərarlaşıblar. Azərbaycan təmsilçisi Dorian Fazekas finişə 2:01.93 s. nəticə ilə doqquzuncu çatıb.
Kompleks üsulla 200 metr məsafəyə ilkin üzmə yarışlarında ən yaxşı nəticəni Türkiyə idmançısı Metin Aydın (2:03.74 s) göstərib. Onun ardınca indoneziyalı üzgüçü Riadi Sadıq (1:07.02) və Suriya təmsilçisi Ayman Klzi (2:08.32) gəliblər.
Brass üsulu ilə 200 metr məsafəyə ilkin üzmə yarışları da keçirilib. Finişə birinci İndoneziya təmsilçisi Qaqerin Nataniel (2:20.30 s) çatıb. Türkiyəli Oktay Can Emirbayer (2:20.31 s) ikinci, suriyalı Azad Albarazi isə (2:21.68 s) üçüncü olublar. Azərbaycan təmsilçisi Vəli İsrafilov 2:28.38 saniyə nəticə ilə 11-ci yerdə qərarlaşıb.