Bakı Ali Neft Məktəbinin tələbələri Ermənistan prezidentinin hərbi cinayətkar kimi tanınması petisiyasına qoşulublar
Bakı, 30 yanvar, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) bütün əməkdaşları və tələbələri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət məqsədilə “Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına qoşulublar.
Bakı Ali Neft Məktəbinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, petisiya həmçinin 20 Yanvar hadisəsinə dünya ictimaiyyəti tərəfindən siyasi qiymət verilməsi məqsədini də daşıyır.
Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, o cümlədən BANM-ın YAP Gənclər Birliyi və “Neftçi Mühəndislər” Tələbə Elmi Cəmiyyətinin üzvləri lazım olan imzanın toplanılması istiqamətində aparılan təbliğat işində yaxından iştirak ediblər.
Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan torpaqlarına qarşı qəsbkarlıqda, Dağlıq Qarabağın Ermənistan hərbi birləşmələri tərəfindən işğalında və Xocalı faciəsinin törədilməsində birbaşa iştirak edib. S.Sarkisyan beynəlxalq cinayətkar kimi törətdiyi əməllərə görə cavab verməli və hərbi cinayətkar kimi tanınmalıdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət məqsədilə “Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına start verilib.
Məqsəd Xocalı hadisələrinin birbaşa iştirakçısı olan Serj Sarkisyanın beynəlxalq cinayətkar kimi tanıdılmasıdır. İşçi Qrup Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səsi qısa müddətdə toplamağı planlaşdırır.