Bakı Ali Neft Məktəbinin tələbəsi Azərbaycanı Dohada təmsil edəcək
Bakı, 21 avqust, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) informasiya təhlükəsizliyi ixtisasının III kurs tələbəsi Azər Sadıxzadə Çinin “Huawei” şirkətinin Qətərin Doha şəhərində keçirəcəyi “Gələcəyin toxumları” (Seeds for the Future) proqramında Azərbaycanı təmsil edəcək komandanın kapitanı seçilib.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.
Proqramın Bakıda keçirilən seçim mərhələsinə Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Nailə Allahverdiyevanın rəhbərliyi ilə informasiya təhlükəsizliyi ixtisasının 3 tələbəsi - Əsmər Hacızadə, Azər Sadıxzadə və Elnur Bədəlov qatılıb.
Seçim mərhələsində hər tələbəyə 10 dəqiqə, tələbələrin çıxışı üçün 5 dəqiqə, münsiflərə isə sual vermək üçün 5 dəqiqə vaxt verilib. Münsiflər tərəfindən tələbələrin dil səviyyəsi və ünsiyyət bacarıqları qiymətləndirilib.
Yekunda Azər Sadıxzadə yüksək nəticə göstərib və müxtəlif universitetlərin tələbələrinin də iştirak etdiyi Azərbaycanı təmsil edən 5 nəfərlik komandanın kapitanı seçilib.
Qeyd edək ki, “Huawei” şirkəti bu ilin sentyabr ayında Qətərin Doha şəhərində “Gələcəyin toxumları” (Seeds for the Future) adlı 8 günlük təlim proqramı təşkil edəcək. Bu proqram çərçivəsində azərbaycanlı tələbələr “Huawei” tərəfindən hazırlanmış İKT biliklərinə yiyələnəcəklər. Azərbaycanı bu yarışmada 5 tələbə təmsil edəcək. Yarışma 3 mərhələdən ibarətdir. Qaliblər “Huawei”in Çinin Şenzen şəhərində yerləşən baş ofisində də olacaqlar.