BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4905,25 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 178 min dollar olmuşdur. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 1,25 bənd qalxmış və 1 dollar üçün 4904 manat təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 444 min dollara bərabər həcm qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4904 manat olmuşdur.
Beləliklə, USD/AZM T+0 aləti üzrə hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi 622 min dollar təşkil etmişdir ki, bu da manat ekvivalenti ilə 3 milyard 50 milyondur. Bir əqdə, orta hesabla, 155 500 dollar düşmüşdür. Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
EHBS-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 32,181 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Oktyabrın 25-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.