BAKI CIDIR MEYDANINDA “HEYDƏR ƏLİYEV KUBOKU” UĞRUNDA KONKUR ÜZRƏ BEYNƏLXALQ TURNİR KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, mayın 10-11-i Bakı Dövlət Cıdır Meydanı atçılıq idmanı həvəskarları üçün ilin ən yaddaqalan hadisələri ilə zəngin olacaqdır. Həmin günlər burada “Günay” Atçılıq İdman Klubunun təşkilatçılığı ilə ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi münasibətilə ulu öndərin xatirəsinə həsr olunmuş konkur üzrə ənənəvi 5-ci beynəlxalq turnir keçiriləcəkdir.
Mayın 10-da ümummilli liderin doğum günündə start götürəcək beynəlxalq turnirin ilk mərhələsində iştirakçılar “Xəzər Kuboku”na sabib olmaq uğrunda yarışacaqlar. Bu mərhələdə jokeylər öz atları ilə 1 metr 20 santimetr hündürlükdə maneələri dəf etməli olacaqlar. Ertəsi gün isə turnirin həlledici mərhələsi - "Heydər Əliyev Kuboku" uğrunda yarış start götürəcəkdir. Bu mərhələdə idmançılar üçün 1 metr 25 santimetr hündürlük müəyyən edilmişdir.
Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə qalib gəlmək uğrunda Azərbaycanın atçılıq idman klublarının təmsilçiləri ilə yanaşı, Gürcüstandan və Bolqarıstandan gəlmiş adlı-sanlı idmançılar da mübarizə aparacaqlar.
Ənənəvi turnirin yüksək səviyyədə təşkili, yaradılan şəraitin beynəlxalq standartlara uyğunluğu və yarışların obyektivliyi nəzərə alınaraq, artıq ikinci ildir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan bu idman bayramı Beynəlxalq Atçılıq Federasiyasının (FEİ) rəsmi tədbiri kimi keçirilir və FEİ-nin rəsmi illik iş planına daxil edilir. Eyni zamanda, onu da xüsusi vurğulamaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq konkur yarışlarını idarə edəcək hakimlər də FEİ-nin rəsmiləridir.