BAKI DÖVLƏT UNİVERSİTETİ HEYDƏR ƏLİYEV MƏKTƏBİNİN NÖVBƏTİ MƏŞĞƏLƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Universiteti (BDU) Heydər Əliyev məktəbinin növbəti məşğələsi keçirilmişdir. Məşğələ 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuşdu.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə də gül dəstələri düzülmüşdür.
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ulu öndərimiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və dünyada tanınmasında əvəzsiz xidmətlərini vurğulamışdır.
Dahi rəhbərimizin Azərbaycan iqtisadiyyatının, elm və təhsilinin, mədəniyyətinin inkişafına daim böyük önəm verdiyini qeyd edən rektor bu sahələrdə qazanılan nailiyyətləri diqqətə çatdırmışdır.
Akademik A.Məhərrəmov Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən söz açaraq, bayram münasibətilə təbriklərini çatdırmışdır.
Milli Məclis sədrinin müavini Bahar Muradova müdrik dövlət xadimi Heydər Əliyevin böyük xilaskarlıq rolundan danışmışdır. Bildirmişdir ki, müstəqil dövlətimizdə əldə olunan bütün nailiyyətlər ümummilli liderimizin adı və fəaliyyəti ilə bağlıdır. 1988-1992-ci illərdə ölkəmizin parçalanmaq təhlükəsi, millətimizin faciəli hadisələr ilə üzləşdiyini xatırladan B.Muradova bildirmişdir ki, xalqın təkidli tələbi ilə ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra respublikada tam sabitlik, əmin-amanlıq bərqərar olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulayan B.Muradova xalqımızın daha xoşbəxt və firavan gələcəyinə inandığını söyləmişdir.
Milli Məclisin deputatı Bəxtiyar Əliyev, professor İzzət Rüstəmov və digər natiqlər də ulu öndərimiz Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs etmiş, dahi rəhbərimizin zəngin siyasi irsinin əhəmiyyətini vurğulamış, nurlu ideyalarının əbədi yaşayacağını bildirmişlər.
Bu il ölkəmizdə növbəti prezident seçkilərinin keçiriləcəyini qeyd edən natiqlər bu seçkilərdə də ulu öndərimiz Heydər Əliyev siyasətinə yekdilliklə səs verəcəklərini, dövlətimizin başçısı İlham Əliyevi dəstəkləyəcəklərini vurğulamışlar.
######
