Bakı Dövlət Universitetində virtual elmi konfrans: Şərq filologiyası məsələləri
Bakı, 24 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə gənc tədqiqatçıların “Şərq filologiyası məsələləri” mövzusunda virtual elmi konfransı keçirilib. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, konfransı açan rektor Elçin Babayev ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışıb. Rektor, həmçinin Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə əmin-amanlığın, siyasi sabitliyin yarandığını, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüşün, Azərbaycanın dünya birliyinə inteqrasiyasının başlandığını bildirib. O, Ulu öndər Heydər Əliyevin azad və müstəqil Azərbaycanın qüdrətli dövlətə çevirilməsi yolundakı xidmətlərinə diqqət çəkərək, müstəqilliyin davamlılığının təmin edilməsində, qorunub saxlanılmasında Prezident İlham Əliyevin xidmətlərindən söz açıb. Ölkəmizin inkişafında elmin, təhsilin rolundan danışan rektor gənclərin elm və təhsil müstəvisində akademik fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd edib. E.Babayev daim öz məzunları ilə fəxr edən BDU-nun ölkəmizdə savadlı kadr potensialının təmin edilməsində müstəsna xidmətlərindən də bəhs edib, gənc alimlərin ölkəmizin inkişafına töhfə verəcəklərinə əminliyini bildirib, konfransın aktual mövzuya həsr olunduğunu vurğulayıb.
Onlayn konfransda BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov ulu öndər Heydər Əliyevin tarixi siyasi xidmətləri sayəsində Azərbaycanın beynəlxalq aləmdə tanınmasından söz açıb. Vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin fəal istiqamətlərindən biri də Şərq ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin qurulması olub. Ulu öndər Heydər Əliyev Şərq dünyası, o cümlədən İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Mərakeş, Pakistan, Malayziya, Yaponiya və başqa dövlətlərlə dostluq əlaqələrinin qurulmasını Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlayıb.
Dekan bildirib ki, ölkədə aparılan uğurlu təhsil islahatları nəticəsində Şərqşünaslıq fakültəsi də inkişaf edib, linqafon kabinəsi, ərəb, fars, türk, ibri, urdu, yapon, çin və Koreya dilləri üzrə müasir texniki vasitələrlə təchiz edilmiş xüsusi otaqlar qurulub, tələbələrin tədris prosesinə cəlb edilməsi işində nailiyyətlər əldə olunub.
Konfransın plenar iclasında Şərqşünaslıq fakültəsinin akademik heyəti, eləcə də magistrant və doktorantların məruzələri maraqla qarşılanıb. Plenar iclasda “Top və çövkən” lekseminin farsdilli klassik ədəbiyyatda təzahürü, ibri dilinin dirçəldilməsi prosesinin neologizmlərə təsiri, urdu dili və meydana gəlməsi haqqında mülahizələr, Oğuz qrupu türk dillərində qoşmanın tədqiqi, Əbdi bəy Şirazi və onun “Leyli və Məcnun” əsəri, İ.Quanqsu və onun “Mərhəmətsiz” romanı, “Osobennosti deyepriçastiya v yaponskom yazıke” və digər mövzularda 60-a yaxın elmi məruzə dinlənilib. Konfrans işini bölmə iclasları ilə davam etdirib.