ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetinin 105 illik yubileyi çərçivəsində Biologiya fakültəsinin təqdimatı olub
Bakı, 26 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Biologiya fakültəsinin təqdimatı keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Elçin Babayev Biologiya fakültəsinin BDU-nun ən köklü fakültələrindən biri olduğunu vurğulayıb. Rektor qeyd edib ki, son illər fakültədə bir sıra islahatlar aparılıb, ICESCO-nun Biotibbi materiallar kafedrası yaradılıb, ikili diplom proqramları istiqamətində uğurlar qazanılıb. Elçin Babayev fakültədə biologiyanın müxtəlif istiqamətlərinin, o cümlədən biotexnologiya, biomühəndislik sahələrinin inkişafı üçün geniş imkanlar olduğunu söyləyib, beynəlxalq əlaqələrin daha da gücləndirilməsinin vacibliyini bildirib.
Biologiya fakültəsinin dekanı professor Afət Məmmədova 90 yaşlı fakültənin fəaliyyət göstərdiyi illər ərzində biologiya elmi üzrə salnamə yaratdığını, minlərlə peşəkar kadr hazırladığını bildirib. Qeyd edib ki, hazırda fakültədə bakalavriat səviyyəsində 6 ixtisas, magistratura səviyyəsində 2 ixtisas və 20 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir, 1200-dən çox tələbə təhsil alır. Fakültədə magistratura səviyyəsində ikili diplom proqramları Qazaxıstanın L.N.Qumilyov adına Milli Avrasiya Universiteti (tədris rus dilində) və İsrailin Yerusəlim İbrani Universiteti (tədris ingilis dilində) ilə biotexnologiya ixtisası üzrə həyata keçirilir.
BDU-nun Genetika kafedrasının professoru Məcnun Babayev ötən əsrin 30-cu illərindən biologiya üzrə mühüm mərkəzə çevrilən Biologiya fakültəsinin universitetin fəaliyyətində oynadığı önəmli roldan danışıb, xatirələrini bölüşüb.
Tədbir fakültənin müəllim və tələbələrinin hazırladığı bədii hissə ilə davam edib.