BAKI İNNOVASİYA TEXNOLOGİYALAR MƏRKƏZİNİN TƏHSİL FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLMASI QEYRİ-QANUNİDİR
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, son vaxtlar nazirliyə daxil olan məlumatlara görə, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 41-də Bakı İnnovasiya Texnologiyalar Mərkəzi (BİTM) adı ilə fəaliyyət göstərən müəssisədə Rusiya Federasiyasının Müasir Humanitar Akademiyasına tələbə qəbulu aparılır və distant təhsil vermək adı ilə qəbul edilmiş tələbələrdən aldadılaraq xeyli miqdarda pul tələb olunur. Bu müəssisənin təhsil fəaliyyəti ilə məşğul olması qeyri-qanunidir və bu müəssisənin ölkəmizdə təhsillə bağlı fəaliyyətinə nazirlik müvafiq lisenziya verməmişdir.
İctimaiyyət nümayəndələrinin, həmin müəssisədə “təhsil alan” tələbələrin nəzərinə çatdırılır ki, BİTM-də oxuyan tələbələrə Rusiya Federasiyası tərəfindən veriləcək diplomun ölkəmizdə heç bir hüquqi qüvvəsi yoxdur və həmin sənəd Təhsil Nazirliyi tərəfindən tanınmayacaqdır.