“Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu” - panel sessiya YENİLƏNİB VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “COP29-dan İqlim Həftəsinə: Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu” mövzusunda panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən sessiya COP29 zamanı qəbul edilmiş Yaşıl Rəqəmsal Fəaliyyətə dair Bəyannamənin davamı olaraq dayanıqlı rəqəmsallaşmanın inkişaf etdirilməsi məsələlərinə həsr olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəşad Həsənov bildirib ki, Azərbaycanda rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi hər ay təxminən 5 milyon səhifə kağızın istifadəsinin qarşısını alır.
Onun sözlərinə görə, “mygov” tətbiqi vasitəsilə doğumun qeydiyyatından nikahın rəsmiləşdirilməsinə və şəxsiyyətin müəyyənləşdirilməsinə qədər bir sıra mühüm həyat hadisələri üzrə xidmətlər rəqəmsal formada təqdim edilir. Bu isə çap olunan sənədlərin sayının və dövlət qurumlarına təkrar müraciətlərin azalmasına imkan verir.
Belçikanın sabiq baş naziri Yves Leterme çıxışında rəqəmsal texnologiyaların dünya vətəndaşlarının böyük əksəriyyətinin həyatının ayrılmaz hissəsinə çevrildiyini bildirib. O, rəqəmsallaşmanın yaratdığı imkanlardan daha geniş istifadə edilməsinin, xüsusilə dövlət idarəçiliyində geridə qalan sahələrdə yeni imkanların reallaşdırılmasının vacibliyini vurğulayıb.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov qeyd edib ki, Azərbaycanda rəqəmsallaşma gündəliyinin əsas hədəflərindən biri dövlət xidmətlərinin 80 faizdən çoxunun rəqəmsallaşdırılmasıdır.
O bildirib ki, rəqəmsallaşma ayrı-ayrı xidmətlərin elektronlaşdırılması ilə məhdudlaşmamalı, gündəlik proseslərə genişmiqyaslı təsir göstərməlidir. Milli səviyyədə tətbiq olunan rəqəmsal həllər vətəndaşların və biznes subyektlərinin gündəlik fəaliyyətini əhəmiyyətli dərəcədə dəyişir.
Dünya İqlim Fondunun təsisçisi və baş icraçı direktoru Jens Nielsen bildirib ki, ötən il enerjiyə yatırılan ümumi investisiyaların təxminən üçdə ikisi – 2,3-2,4 trilyon ABŞ dolları – yaşıl enerjiyə yönəldilib. Onun sözlərinə görə, bu investisiyaların təxminən 90 faizi Günəş və külək enerjisinin payına düşüb.
“Baker Hughes” şirkətinin direktoru Sai Sharan Panda isə rəqəmsal texnologiyaların enerji dəyər zəncirində emissiyaların daha çox yarandığı sahələri müəyyənləşdirməyə imkan verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu texnologiyalar vasitəsilə emissiyaların əsas mənbələrinə fokuslanmaq və iqlim məqsədlərinə daha səmərəli şəkildə nail olmaq mümkündür.
Sessiyada rəqəmsal infrastrukturun iqlim dayanıqlılığının və enerji səmərəliliyinin gücləndirilməsi, rəqəmsal inklüzivliyin və savadlılığın artırılması, texnologiyalara bərabər çıxış imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.
Həmçinin hökumətlər, gənclər, qadınlar, startaplar, kiçik və orta biznes subyektləri və tədqiqat institutlarının iştirakı ilə innovasiya ekosistemlərinin inkişaf etdirilməsi məsələlərinə diqqət yetirilib.
Sessiyanın gündəliyində iqlim məlumat sistemlərinin təkmilləşdirilməsi və standartlaşdırılmış monitorinq mexanizmlərinin tətbiqi vasitəsilə məlumatlara əsaslanan qərar qəbuletmənin gücləndirilməsi məsələləri də yer alıb.
Müzakirələr zamanı Yaşıl Rəqəmsal Fəaliyyətin qlobal miqyasda həyata keçirilməsini sürətləndirmək məqsədilə beynəlxalq əməkdaşlığın, bilik və qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri də nəzərdən keçirilib.
14:31
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində “COP29-dan İqlim Həftəsinə: Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu” mövzusunda panel sessiya təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən sessiya COP29 zamanı qəbul edilmiş Yaşıl Rəqəmsal Fəaliyyətə dair Bəyannamənin davamı olaraq dayanıqlı rəqəmsallaşmanın inkişaf etdirilməsinə həsr edilib.
Sessiyada rəqəmsal infrastrukturun iqlim dayanıqlılığının və enerji səmərəliliyinin gücləndirilməsi, rəqəmsal inklüzivliyin və savadlılığın artırılması, eləcə də texnologiyalara bərabər çıxış imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunur.
Müxbirlər - Pərvanə Qafarova, Günel Türksoy
Fotoqraf - Azər İbrahimov
Operator - Mirrəsul Cəfərov