Xüsusi nümayəndə: Kəlbəcərdəki özəl investisiya layihələrinin əsas məqsədlərindən biri yeni iş yerlərinin yaradılmasıdır
Kəlbəcər, 8 sentyabr, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərin bərpası və burada dayanıqlı məskunlaşmanın təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Dayanıqlı məskunlaşmanın təməlində isə insanların öz doğma torpaqlarında işlə təmin olunması, iqtisadi fəallığının və gəlir imkanlarının yaradılması dayanır. Bu baxımdan, Kəlbəcərdə ilk mərhələdən etibarən modul tipli sahibkarlıq subyektlərinin fəaliyyətinə şərait yaradılması mühüm addımlardan biri olub. Bununla həm sakinlərin ilkin istehlak tələbatlarının ödənilməsinə, həm də yerli əhali üçün yeni məşğulluq imkanlarının formalaşdırılmasına şərait yaratmışıq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev rayonda ilk dəfə keçirilən əmək yarmarkasında deyib.
O qeyd edib ki, hazırda rayonda həyata keçirilən özəl investisiya layihələrinin əsas məqsədlərindən biri yeni iş yerlərinin yaradılması və sakinlərin məşğulluğunun təmin edilməsidir. Bu layihələr Kəlbəcərin iqtisadi potensialının reallaşdırılması ilə yanaşı, əhalinin rayonun sosial-iqtisadi həyatında daha fəal iştirakına imkan yaradır.
“Bu istiqamətdə Dövlət Məşğulluq Agentliyinin fəaliyyətini xüsusilə qeyd etmək istərdim. Agentlik üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, Kəlbəcərdə məşğulluğun təmin olunması prosesində daim fəal iştirak edir. Biz də bu istiqamətdə Agentliklə sıx əməkdaşlıq edir, qarşıya qoyulan məqsədlərin birgə səylərlə həyata keçirilməsinə çalışırıq. Əminəm ki, bugünkü əmək yarmarkası işaxtaranlarla işəgötürənlər arasında yeni əlaqələrin qurulmasına, yeni iş imkanlarının yaranmasına və Kəlbəcərdə dayanıqlı məşğulluğun daha da genişləndirilməsinə mühüm töhfə verəcək. Çünki Kəlbəcərin bərpası yalnız yeni binaların və infrastrukturun yaradılması deyil. Kəlbəcərin əsl dirçəlişi insanların burada yaşaması, işləməsi, iqtisadi fəallıq göstərməsi və gələcəyini bu torpaqlarda qurması ilə tamamlanır”, - deyə o əlavə edib.