Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO
Mingəçevir, 1 oktyabr, AZƏRTAC
Avarçəkmə və kanoe üzrə "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Azərbaycan təmsilçiləri yarışı 22 medalla başa vurublar. Mükafatların 7-si qızıl, 5-i gümüş, 10-u isə bürünc olub.
Reqatanın son günündə 2008-2009-cu il təvəllüdlü idmançıların 200 metr məsafəyə 2 nəfərlik kayak qayığı yarışlarında Qiyas Əhmədov və Tengiz Qaqnidze 1-ci, Sabir Ağayev və Mikayıl Vəliyev 3-cü yeri tutublar. Eyni yaş kateqoriyasında 500 metr məsafəyə 1 nəfərlik kanoe yarışlarında Hüseyn Səmədli bürünc medala sahib çıxıb.
200 metr məsafəyə 2 nəfərlik kayak qayığı yarışlarında Nizami Kərimov və Maqsud Mantaşev (2010-2011) finişə 3-cü çatıb. 500 metr məsafəyə 1 nəfərlik kayak qayığı yarışlarında isə Mustafa Vəlizadə qızıl medal qazanıb.
1500 metr məsafəyə 2 nəfərlik akademik avarçəkmə qayığı yarışlarında (2008-2009) Azər İlyasov və İsabala Dadaşzadə 2-ci, Tunar Məmmədzadə və İsmayıl Şirinov isə 3-cü yerin sahibi olub. 500 metr məsafəyə 1 nəfərlik kayak qayığı yarışlarında (2008-2009) Əlimurad Hacızadə qızıl, Qiyas Əhmədov gümüş, Tengiz Qaqnidze bürünc medal qazanıb.
500 metr məsafəyə 2 nəfərlik kayak qayığı yarışlarında (2010-2011) Elmir Tarıverdiyev və Mustafa Vəlizadə gümüş mükafat əldə ediblər.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparıb.
Müxbirlər - Vüsalə Cənnətova, Vurğun Mədətov