BSU-nun təşkilatçılığı ilə “Azərbaycanşünaslıq” üzrə I beynəlxalq yay məktəbi
Bakı, 8 sentyabr, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) təşkilatçılığı ilə “Azərbaycanşünaslıq” üzrə I beynəlxalq yay məktəbi keçirilir.
BSU-dan AZƏRTAC-a bildirilib ki, yay məktəbində İtaliya, Polşa, Bolqarıstan, Qazaxıstan və Özbəkistandan müəllim, tələbə və şagirdlər iştirak edirlər.
Beynəlxalq yay məktəbi iştirakçılara Azərbaycanın zəngin ədəbi irsi, tarixi və mədəni ənənələri, milli kimliyi və müasir sosial-mədəni mühiti ilə yaxından tanış olmaq imkanı yaradır.
Yay məktəbinin proqramına Azərbaycan tarixi və ədəbiyyatı üzrə mühazirələr, Qarabağ Zəfəri və yaranmış yeni geosiyasi reallıqlar mövzusunda mühazirələr, Azərbaycanda gənclər siyasəti mövzusunda maarifləndirici görüşlər, Bakı şəhərinin memarlıq və tarixi məkanlarına ekskursiyalar, mədəniyyət və incəsənət mövzusunda seminarlar, ustad dərsləri və interaktiv sessiyalar, yaradıcılıq və mədəni tədbirlər, Azərbaycan milli mətbəxi və ənənələri ilə tanışlıq daxildir.
Proqramın işçi dili ingilis dilidir.
Yay məktəbinin keçirilməsində əsas məqsəd beynəlxalq tələbələrə Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyəti haqqında əhatəli biliklər qazandırmaq, Azərbaycan dilinin və mədəni irsinin praktiki şəkildə mənimsənilməsinə şərait yaratmaq, eyni zamanda multikultural mühitdə akademik və sosial ünsiyyət bacarıqlarını inkişaf etdirməkdir.