Tarixçi-alim: Daşlar tariximizin ən qədim mənbələridir
Bakı, 8 sentyabr, AZƏRTAC
Daşlar tariximizin ən qədim, ən etibarlı və silinməz yaddaş mənbələridir. Onlar bəşəriyyətin və xalqımızın keçmişini, mədəniyyətini, dünyagörüşünü bu günə çatdıran canlı şahidlərdir. Azərbaycan ərazisində daşlar üstünə həkk olunmuş tarix bəşər sivilizasiyasının ilkin izlərini özündə saxlayır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Elman Mirzəyev deyib. O qeyd edib ki, Qobustan və Gəmiqaya rəsmlərində həkk olunmuş insan, heyvan, ov, rəqs və digər təsvirlər minilliklər əvvəl əcdadlarımızın həyat tərzini, inanclarını və incəsənətini öyrənmək üçün əvəzolunmaz mənbədir. Azıx mağarasından tapılmış qədim daş alətlər Azərbaycanın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edir.
“Alban kitabələri və məzar daşları, orta əsrlərə aid daş abidələr, stellalar və xristian dövrü alban mənbələrinin üzərindəki yazılar regionun etnik və siyasi tarixinin danılmaz mənbələridir. Müxtəlif qoç fiqurlu daşlar qədim türk tayfalarının tarixini yaşatmaqla bərabər onların igidlik rəmzləri, mifoloji dünyagörüşünü əks etdirir. Bu fiqurlar daşın həm də bir sənət əsərinə çevrildiyini göstərir. Papirus, dəri, kağız və digər materiallar zamanla məhv olub getsə də, daşlar min illərin sınağından keçərək tariximizi günümüzə qədər qoruyub saxlayıb. Bu daş abidələr tariximizin ən qədim mənbələrindən olması ilə bərabər nəsillərə bir əmanətdir. Daşlara yox, yaddaşlara, tarixlərə ad yazmaq istəyənlər 2020-ci ildə bunu ediblər. Azərbaycan oğulları Şuşanın sıldırımlı qaya və daşlarından keçərək tarixə öz adlarını yazıblar, şəhəri azad ediblər”, - deyə alim bildirib.
Müsahibimiz əlavə edib ki, bu daş və qayalarda şəhidlərimizin qanı həkk olunub. Qarabağın azadlığı uğrunda döyüşlər zamanı Azərbaycan oğulları məhz bu qaya və daşlardan keçərək şəhərə daxil olublar. Artıq onlar Ana Vətən - Azərbaycanın – Şuşanın qaya və daşlarına öz qəhrəmanlıq adlarını yazıblar. Onların qəhrəmanlığı sayəsində Şuşanın azad olunması əməliyyatı dünya hərb tarixində yeni səhifə açmışdır.
Şuşa və Qarabağın digər yerləri bizim milli qürurumuz, tarixi yaddaşımız və şəhidlərin qanı ilə aldığımız müqəddəs torpaqlardır. Əgər kimsə öz adını yazmaq, izini qoymaq istəyirsə bunu öz doğma vətəninə, doğma torpağına xidməti ilə göstərməlidir.
Müxbir - Xatirə Cəfərova