BAKI MƏKTƏBLİLƏRİ BAHAR BAYRAMINI AMERİKALI YAŞIDLARI İLƏ QEYD ETDİLƏR
Nizami rayonundakı 220 nömrəli məktəbdə bahar bayramı qeyd olunmuşdur. Bu günlərdə Azərbaycanda olan amerikalı məktəblilər də bayram şənliklərində iştirak etmişlər. Məktəbin direktoru Almaz Əsgərova Bakı və Florida ştatı məktəblərinin dostluğundan danışaraq, bildirdi ki, 2001-ci ildən onların məktəbi ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “Harmoniya” layihəsinin gerçəkləşdirildiyi məktəblərdən biridir. Bu ilin fevralında Bakı məktəblilərinin bir qrupu bir ay ərzində Florida ştatındakı yaşıdlarının qonağı olmuşdur. Sonra isə amerikalı məktəblilər Bakıya cavab görüşünə gəlmişlər. Amerikalı məktəblilər ABŞ-da dostlaşdıqları bakılı yaşıdlarının ailələrində qalırlar.
Qrupun rəhbərlərindən biri - Teff Cakobson AZƏRTAC-ın müxbiri ilə söhbətində dedi ki, Azərbaycana gələnə qədər heç təsəvvür edə bilməzdik ki, bu xalqın belə zəngin tarixi, folkloru, musiqisi və rəqsləri var. Biz öz yeni dostlarımızla birlikdə bütün tədbirlərdə həvəslə iştirak etdik. Bu bayram uzun müddət yadımızdan çıxmayacaqdır.