Bakı məktəbliləri Türkiyədə
Bakı, 28 mart, AZƏRTAC
Paytaxt məktəbliləri Türkiyədə Novruz bayramı və “TRT AVAZ” telekanalının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak ediblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) “Dan ulduzu” rəqs ansamblının canlı yayımda təqdim etdiyi xalq rəqsləri tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.
Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və TRT-nin birgə dəstəyi ilə keçirilən tədbirdə 4 nömrəli UGİM-in rəqs qrupu Azərbaycanın “Odlar yurdu” və “Qaval” milli rəqslərini ifa ediblər.
Tədbirdə məktəblilər Azərbaycan xalqının mədəniyyət və adət-ənənələrini nümayiş etdirib, tariximiz və milli-mənəvi dəyərlərimiz haqqında bilgilərini həmyaşıdları ilə bölüşüblər.
Sonra Niğdə bələdiyyəsində rəqs qrupunun üzvləri ilə görüş keçirilib. Görüş iştirakçıları Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə ediblər.
Məktəblilər Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında da olublar.
Sonda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.