BAKI ŞƏHƏR GƏNCLƏR VƏ İDMAN BAŞ İDARƏSİNDƏ İLİN BİRİNCİ YARISININ YEKUNLARI MÜZAKİRƏ OLUNMUŞDUR
Bakı, 22 iyul (AZƏRTAC). Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) sıx əməkdaşlıq etdiyi idman cəmiyyətlərinin, nazirlik və idarələrin nümayəndələrinin iştirakı ilə keçirilən hesabat konfransında qurumun ilin birinci yarısındakı fəaliyyətinə yekun vurulmuşdur.
Baş idarənin rəisi Raqif Abbasovun qısa məruzəsindən sonra tədbir iştirakçılarına qurumun fəaliyyətinin əsas istiqamətlərini əhatə edən fotohesabat nümayiş etdirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin Uşaq ili elan olunması barədə Sərəncamına müvafiq olaraq, hesabat dövründə 7200-dək uşaq və yeniyetmənin iştirakı ilə 51 tədbir keçirilmişdir. Həmin dövrdə bədən tərbiyəsi və idman sahəsində 145 tədbir, o cümlədən Olimpiya idman növləri ilə bağlı 20 tədbir təşkil olunmuş, bu tədbirlərdə 18 mindən çox adam iştirak etmişdir.
Gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədi ilə hər il Bədən tərbiyəsi və idman günü idmançıların nümunəvi çıxışları və konsert proqramları təşkil olunur. Son vaxtlar Bakıda keçirilən beynəlxalq turnirlərin sayı da artmışdır.
BŞİGBİ sosial yönümlü sahələrdə də müxtəlif layihələr həyata keçirir. Məsələn, Bakıdakı SOS uşaq kəndinə, islah müəssisələrinə və digər təşkilatlara idman avadanlığı və geyimli paylanmış, təlim-məşq toplanışlarının keçirilməsinə kömək göstərilmişdir.
Bakının ayrıca subyekt kimi müxtəlif ölkələrin şəhərləri ilə əməkdaşlığının xüsusi əhəmiyyəti vardır. Belə əməkdaşlıq çərçivəsində Urmiya şəhər bədən tərbiyəsi və idman idarəsi (İran) və Varna idman idarəsi (Bolqarıstan) ilə qarşılıqlı təcrübə mübadiləsi aparılır.
BŞGİBİ gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində də böyük işlər görür. Məsələn, Bakıdakı və cəbhə zonasındakı hərbi hissələrdə tədbirlər təşkil olunmuşdur.
Konfrans başa çatandan sonra bir sıra KİV-lər, o cümlədən Azərbaycan Dövlət Teleqraf Agentliyi - AZƏRTAC fəxri diplomlarla təltif edilmişdir.
######
![]() |
![]() |

