BAKI ŞƏHƏR VETERANLAR ŞURASININ VI KONFRANSI KEÇİRİLMİŞDİR
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmiş, ümummilli liderimiz Heydər Əliyevin, habelə V konfransdan ötən müddət ərzində dünyasını dəyişmiş veteranların xatirəsi yad edilmişdir.
Nərimanov rayonundakı 39 nömrəli məktəbin şagirdləri konfrans iştirakçılarını salamlamış, ulu öndərimiz Heydər Əliyevə, eləcə də vətənpərvərlik mövzusuna həsr olumuş şeirlər söyləmişlər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun konfransa təbrik məktubu oxunmuşdur.
Sonra şuranın sədri Abumüslüm Baxşiyev hesabat məruzəsi ilə çıxış etmişdir.
Məruzəçi V konfransdan keçən 4 il müddətində Şuranın həyata keçirdiyi tədbirlərdən, gördüyü işlərdən ətraflı söz açmış, “1941-1945-ci illər müharibəsində Qələbənin 60 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamını müharibə veteranlarına göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndirmişdir.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə veteranlara göstərdiyi qayğının Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini bildirən natiq veteranların sosial-maddi vəziyyətinin xeyli yaxşılaşdığını vurğulamışdır. Veteranların 30 faizdən çoxunun yüksək təqaüd alması, aztəminatlılara isə milyonlarla manat yardım göstərilməsi qeyd olunmuşdur.
Şuranın sədri veteranların bəzi problemlərinin də olduğunu bildirmiş, bunların aradan qaldırılması yollarından bəhs etmişdir.
Konfransda gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində veteranların qarşısında duran vəzifələrdən geniş bəhs olunmuşdur.
Abumüslüm Baxşiyev yenidən Bakı Şəhər Veteranlar Şurasının sədri seçilmişdir. Respublika Veteranlar Şurasının II qurultayına nümayəndələr də seçilmişdir. Konfrans iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.