Bakı Şəhəri üzrə Təhsil İdarəsinə fevral ayında 5 min 633 müraciət daxil olub
Bakı, 2 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (+99412 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2020-ci ilin fevral ayı ərzində göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, qeyd olunan müddət ərzində 5 min 633 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1089 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2950 müraciət daxil olub, 144 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 1172 sənəd (vətəndaşlar tərəfindən 183 ərizə, Təhsil Nazirliyindən 201, digər qurumlardan 239, məktəblərdən 386 məktub, 42 strukturdaxili yazışma və 121 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 278 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, I sinfə qeydiyyat proseduru, məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması və digər məsələləri əhatə edib.
Fevral ayı ərzində, həmçinin BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 9 rayonu (Nizami, Nərimanov, Xətai, Suraxanı, Binəqədi, Nəsimi, Yasamal, Səbail və Qaradağ rayonları) üzrə səyyar qəbullar keçirilib. Qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.