BAKI-TBİLİSİ-QARS LAYİHƏSİNİN ERMƏNİSTANA HEÇ BİR İSTİ-SOYUĞU YOXDUR!
Berlin, 5 may (AZƏRTAC). Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat nazirlərinin mayın 9-da keçiriləcək görüşü ərəfəsində “Armenia Today” agentliyi Bakı-Qars dəmir yolu layihəsinə öz mövqeyindən qiymət vermişdir: “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi tamamilə Ermənistana qarşı yönəlmişdir”.
Qeyd etmək lazımdır ki, bu layihənin ermənilərə heç bir isti-soyuğu yoxdur. Bu dəmir yolu, ilk növbədə, Mərkəzi Asiyanı Avropa ilə nəqliyyat-iqtisadiyyat baxımdan birləşdirən ən mühüm vasitədir və burada siyasi məqamlar axtarmaq lazım deyil. Həmin layihə Antarktikaya nə qədər ziddirsə, Ermənistana da bir o qədər ziddir.
Ermənistanın demək olar ki, bütün qonşu dövlətlərlə münasibətləri korlayaraq özünü bütün regional layihələrdən təcrid etməsinin təqsirkarı isə o özüdür! Axı, Ermənistanda beynəlxalq hüquqa haçansa hörmətlə yanaşmağa başlayacaqlarını gözləyərək regional layihələri təxirə salmaq olmaz!
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin