Bakı Xoreoqrafiya Akademiyası milli rəqs irsinin qorunması istiqamətində layihələr həyata keçirir
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan milli rəqs irsinin qorunması, elmi əsaslarla öyrənilməsi və gələcək nəsillərə ötürülməsi dövlətin mədəniyyət siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz bu məqsədlə fəaliyyət göstərən Bakı Xoreoqrafiya Akademiyası Azərbaycanda peşəkar xoreoqrafiya təhsilini həyata keçirən əsas ali təhsil müəssisəsi kimi milli rəqs sənətinin yaşadılması və inkişaf etdirilməsi istiqamətində ardıcıl layihələr və proqramlar həyata keçirir.
Akademiyadan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, həyata keçirilən mühüm layihələrdən biri milli rəqs üzrə peşəkar təhsil sisteminin formalaşdırılmasıdır. Tədris proqramlarında Azərbaycan xalq rəqslərinin tarixi, nəzəriyyəsi, metodikası, ifa texnikası, səhnə interpretasiyası və kompozisiya prinsipləri sistemli şəkildə öyrədilir. Tələbələr “Azərbaycan rəqsinin əsasları”, “Milli rəqs”, “Xoreoqrafik ansambl” və digər ixtisas fənləri vasitəsilə həm klassik milli rəqs irsini, həm də müasir səhnə həllərini mənimsəyirlər.
Bakı Xoreoqrafiya Akademiyasında Azərbaycanın müxtəlif bölgələrinə məxsus xalq rəqslərinin öyrənilməsi xüsusi yer tutur. Tədris və yaradıcılıq prosesində “Yallı”, “Uzundərə”, “Qazağı”, “Tərəkəmə”, “Mirzəyi”, “Vağzalı”, “Naz eləmə”, “Nəlbəki” və digər milli rəqslər tələbələrə öyrədilir və səhnələşdirilir. Rəqslərin yalnız texniki icrası deyil, onların tarixi, etnoqrafik xüsusiyyətləri, musiqi dili, geyim mədəniyyəti və bölgə xüsusiyyətləri də tədris olunur. Bu yanaşma milli rəqs irsinin orijinal xüsusiyyətlərinin qorunmasına xidmət edir.
Milli rəqslərin gələcək nəsillərə ötürülməsində səhnə təcrübəsi mühüm rol oynayır. Akademiyada tələbələr mütəmadi olaraq konsert proqramlarında, imtahan tamaşalarında, festivallarda və dövlət tədbirlərində iştirak edirlər. “Xoreoqrafik ansambl” fənni çərçivəsində tələbələr kollektiv ifa mədəniyyətini, milli rəqslərin səhnə quruluşunu, musiqi və hərəkətin vəhdətini mənimsəyirlər. Bu istiqamətdə keçirilən imtahanlar tələbələrin peşəkar hazırlığının qiymətləndirilməsi ilə yanaşı, milli rəqs irsinin yaşadılmasına da xidmət edir.
Akademiyada milli rəqslərin elmi əsaslarla araşdırılması istiqamətində də mühüm işlər görülür. Müəllim və tələbələr tərəfindən Azərbaycan xalq rəqslərinin mənşəyi, inkişaf mərhələləri, regional xüsusiyyətləri, ifa üslubları və səhnə interpretasiyası üzrə elmi məqalələr, metodik vəsaitlər, proqramlar və monoqrafiyalar hazırlanır. Elmi konfranslar, seminarlar və dəyirmi masalar vasitəsilə milli rəqs sənətinin aktual problemləri müzakirə olunur, yeni elmi yanaşmalar tətbiq edilir.

Qeyd olunub ki, Bakı Xoreoqrafiya Akademiyası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində milli-mənəvi dəyərlərin təbliğinə yönəlmiş layihələrdə də fəal iştirak edir. Bu layihələr çərçivəsində tələbələrin iştirakı ilə milli rəqslər əsasında xoreoqrafik kompozisiyalar hazırlanır və ictimai məkanlarda nümayiş etdirilir. Layihələrin məqsədi Azərbaycan xalqının milli-mədəni irsinin, adət-ənənələrinin və vətənpərvərlik dəyərlərinin gənc nəslə incəsənət vasitəsilə çatdırılmasıdır. Akademiyanın tələbələri və müəllimləri respublika və beynəlxalq festivallarda, müsabiqələrdə və konsert proqramlarında Azərbaycan milli rəqslərini uğurla təqdim edirlər. Bu tədbirlər milli rəqs sənətinin beynəlxalq səviyyədə tanıdılmasına, gənc ifaçıların peşəkar inkişafına və milli mədəniyyətin təbliğinə mühüm töhfə verir. Hər bir çıxış tələbələr üçün həm yaradıcılıq təcrübəsi, həm də milli irsin yaşadılması baxımından böyük əhəmiyyət daşıyır.
Akademiyada milli rəqslərin videoformatda arxivləşdirilməsi, tədris materiallarının elektron bazasının yaradılması və rəqəmsal təhsil resurslarının hazırlanması istiqamətində işlər genişlənməkdədir. Rəqslərin yüksəkkeyfiyyətli videolarının hazırlanması, metodik vəsaitlərin elektron formatda təqdim edilməsi və rəqəmsal platformalardan istifadə milli rəqs irsinin daha geniş auditoriyaya çatdırılmasına və gələcək nəsillər üçün etibarlı şəkildə qorunmasına imkan yaradır.
Müxbir – Tünzalə Zeyvəliyeva